Azərbaycanda problemli kreditlər niyə artır?
Azərbaycanda problemli kreditlər
“Problemli kredit” ödəniş vaxtı çatmış, amma borcalanın ödəyə bilmədiyi kreditə deyilir. Bu, krediti götürən üçün stress, bank üçün risk, iqtisadiyyat üçün isə xəbərdarlıq siqnalıdır.
Azərbaycan Mərkəzi Bankının (AMB) “kredit təşkilatlarının kreditləri” üzrə rəsmi statistikasında 2026-cı il fevralın 1-nə olan rəqəmlərə görə, ödəniş vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat göstərilir.
Martın 1-nə qədər olan rəqəmlər isə 562 milyon manat təşkil edir. Bu, fevralın 1-i ilə müqayisədə təxminən 0,8% artım deməkdir.
İllik müqayisəni də gözlə görünən edək. 2025-ci il martın 1-nə olan məlumata görə, problemli kreditlər 480,1 milyon manat olub. 562 milyon buna nisbətdə təxminən 17% artım deməkdir.
Təcrübə nə deyir?
Problemli kredit mövzusu Azərbaycanda birdən-birə yaranmayıb. Bu, bir neçə böyük dalğanın nəticəsidir.
Ən yadda qalan dalğalardan biri 2010-cu illərin ortasıdır. 2015-ci ildə manat kəskin dəyər itirdi – devalvasiya oldu (manat ucuzlaşdı, dollar bahalaşdı).
Devalvasiyanın problemli kreditlə nə əlaqəsi var?
Təsəvvür edin ki, siz 10 min dollar borc götürmüsünüz. Manat zəifləyəndə həmin 10 min dolların manatla qarşılığı böyüyür. Maaşınız manatladırsa, borc isə dollarla, siz borcu qaytaranda sanki “borc böyüyür”.
Məhz buna görə 2015-dən sonra problemli kreditlər kəskin artdı. 2017-ci ilin aprelin 1-nə problemli kreditlərin 1 milyard 590 milyon manatı keçməsi buna yaxşı nümunədir.
Sonra dövlət müdaxilə etdi. 2019-cu ilin fevralında problemli kreditlərin bir hissəsi ilə bağlı dövlət mexanizmi işə düşdü – xüsusən də fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə məzənnə fərqinin ödənilməsi yanaşması tətbiq olundu. Proqramın hüquqi bazası Prezidentin “problemli kreditlərin həlli” ilə bağlı fərmanları və icra mexanizmləri ilə quruldu. Bu addımdan sonra problemli kreditlərdə azalma meyli gücləndi.
Rəsmi statistikanın uzun xəttinə baxanda da bu görünür. AMB-nin cədvəllərində vaxtı keçmiş kreditlərin məbləği 2020-ci ildə 893,1 milyon, 2021-də 719,4 milyon, 2022-də 593,7 milyon, 2023-də isə 437,8 milyon kimi göstərilir. Yəni bir neçə il dalbadal azalma var.
Amma 2024-cü ildən sonra istiqamət dəyişməyə başlayır. 2024-cü ilin sonuna yaxın rəqəmlər yenə yuxarı hərəkət edir və 2026-cı ilin fevralın 1-nə artıq 562 milyon səviyyəsinə gəlir.
Bəs problemli kreditlər niyə artır?
Problemli kreditlərin artmasının tək səbəbi olmur. Adətən bir neçə amil üst-üstə düşür. Amma ən sadə izah belədir: insanın cibinə girən pul ilə çıxan pulun arasındakı fərq artır.
İnflyasiya – yəni qiymətlərin artması bazarda hiss olunur. Çörək, kirayə, yolpulu, dərman, uşaq xərci… hamısı yavaş-yavaş qalxır. Gəlir isə (maaş, gündəlik qazanc) eyni sürətlə qalxmır.
Nəticədə ailə büdcəsi sıxılır. Ekspert şərhlərində də bu məntiq tez-tez vurğulanır. Onlar bildirir ki, real gəlirin zəif artması ödəmə qabiliyyətini məhdudlaşdırır və vaxtı keçmiş kreditlərin artmasına təsir edir.
Bunu bir məişət nümunəsi ilə təsəvvür edək. Siz bankdan kredit götürüb maşın alırsınız. Hər ay 450 manat ödəməlisiniz. Amma bu arada:
- yanacaq bahalaşır,
- evə ərzaq xərci artır,
- uşağın məktəb xərci çıxır,
- evdə xəstəlik olur, dərman alınır.
Maaşınız isə eyni qalır və ya çox az artır. Bu zaman ilk yubanma adətən kreditdə olur. Çünki ailə əvvəl yemək-içmək, işə getmək, kommunal pulu ödəmək istəyir. Kredit isə bir-iki ay gecikdirilir. Problem də elə buradan başlayır.
İkinci böyük səbəb isə istehlak kreditlərinin sürətlə yayılmasıdır. İstehlak krediti – sadə dillə evə mebel almaq üçün, telefon, təmir, maşın, toy xərci kimi gündəlik ehtiyaclara və ya arzulara görə götürülən borcdur. Cəmiyyətin borclanması artırsa, problemli kredit riski də artır.
Üçüncü səbəb faizlərin yüksəkliyidir. Faiz – bankın verdiyi borca görə aldığı əlavə puldur. Faiz nə qədər yüksəkdirsə, aylıq ödəniş də bir o qədər ağır olur.
İqtisadçı Natiq Cəfərli vəziyyəti izahında gecikmələrin daha çox istehlak kreditlərində olması ehtimalını vurğulayır. O, faizlərin həddindən artıq yüksək olduğunu və bəzi insanların bir neçə bankdan eyni anda kredit götürərək çıxış yolu axtardığını deyir. Başqa müsahibəsində də eyni xətti davam etdirərək istehlak kreditlərinin yüksək faizinin vətəndaşa əlavə yük olduğunu bildirir.
Dördüncü səbəb isə kredit verən tərəfin riskə münasibətidir. Bəzən kredit çox asan verilir. Yəni daha az sənəd tələb edilir, yoxlama zəifdir, “indi götür, sonra baxarıq” yanaşması olur və s.
Mərkəzi Bank banklardan kredit portfelinə nəzarətdə problemli kreditlər üzrə “erkən xəbərdarlıq sistemi” qurmağı və problemləri vaxtında görən prosedurlar müəyyən etməyi tələb edir. Bu tələbin özü göstərir ki, riskin qabaqcadan idarə olunması əsas məsələdir.
Beşinci səbəb də biznes kreditləridir. İşlər zəifləyəndə, satış düşəndə, xammal bahalaşanda, kiçik sahibkarın da krediti vaxtında ödəməsi çətinləşir. Üstəlik, rəsmi statistikada bankların qeyri-işlək kreditlərinin (NPL) strukturunda biznes kreditlərinin payının böyük olması da görünür.
İqtisadçılar və rəsmi rəqəmlər nə deyir?
Rəsmi statistika bizə “nə qədər?” sualının cavabını verir. Ekspertlər isə daha çox “niyə?” sualını izah etməyə çalışır.
Əvvəl bir rəsmi anlayışı aydınlaşdıraq. Mərkəzi Bankın prudensial yanaşmasına görə qeyri-işlək kredit (NPL) o kreditdir ki, əsas borc və ya faiz üzrə 90 gündən çox gecikməsi var. Yəni “vaxtı keçmiş kredit”lə NPL eyni söz kimi səslənsə də, bəzən statistikada fərqli ölçülə bilər. Bu fərqi bilməsək, rəqəmlər insanı çaşdırır.
Məsələn, AMB-nin 2026 yanvar statistik bülletenində bankların NPL portfeli 794 milyon manata yaxın, NPL-nərin ümumi portfeldə payı isə təxminən 2,6% göstərilir. Bu, o deməkdir ki, problem var, amma sistemli “panika” həddi deyil.
Bu yanaşma deputat Vüqar Bayramovun mövqeyi ilə də üst-üstə düşür. O bildirir ki, problemli kreditlərin payı riskli həddə olsaydı (məsələn, 3%-dən yuxarı), bunu ciddi problem saymağın daha əsaslı olacaqdı, hazırkı pay isə riskli hədd deyil.
İqtisadçı Eldəniz Əmirov da istehlak kreditlərinin artmasına daha ehtiyatlı yanaşır. O, “Modern.az”a açıqlamasında kredit portfelinin böyüməsini ümumilikdə müsbət sayır, amma istehlak kreditlərinin sayının artmasının müəyyən mənfi təsirlər yaratdığını deyir. Bu o deməkdir ki, kredit vermək pis deyil, amma borclanma həddindən artıq artsa, problem də böyüyər.
Natiq Cəfərli isə daha kəskin məqama toxunur. O qeyd edir ki, yüksək faiz və “birdən çox bankdan borclanıb günü xilas etmək” cəhdi gecikmələri çoxalda bilər. Onun qənaətincə, burada günahı təkcə vətəndaşın üstünə atmaq da düzgün olmaz, çünki gəlir azalanda və xərclər artanda insanlar bəzən “borcla nəfəs almağa” çalışır.
Rəsmi tərəfin mesajı isə daha ehtiyatlıdır. Mərkəzi Bank bir tərəfdən banklara risk idarəçiliyi tələblərini sərtləşdirir, digər tərəfdən sistemin dayanıqlığını qorumaq üçün kapital buferləri kimi alətlərdən istifadə edir. Məsələn, AMB 2024-cü il hesabatında kredit artımının yüksək fonunda kontr-tsiklik kapital buferinin tətbiqinə qərar verildiyini qeyd edir. Bu da dolayısı ilə onu göstərir ki, kredit bazarı “qızışanda” risklər də artır.
Bu artım nə deməkdir, nə etmək olar?
Problemli kreditlərin artması birinci növbədə adi insan üçün nə deməkdir? Yuxarıda da qeyd etdiyimiz ki, bir neçə nəticə var:
- Ailə büdcəsi daha çox sıxılır. Gecikmə artdıqca cərimə və əlavə faizlər yığılır.
- İnsan yeni kredit götürüb köhnəni bağlamağa çalışır. Bu isə borcu qar uçqunu kimi böyüdə bilər.
- Psixoloji yük artır: zənglər, xəbərdarlıqlar, məhkəmə qorxusu.
Banklar üçün bu artım nə deməkdir?
Bank kredit verəndə borcun qaytarılmaması ehtimalını da nəzərə alırlar. Amma problemli kreditlər çoxalanda bank ehtiyat ayırmağa (yəni gəlirin bir hissəsini kənara qoymağa) məcbur olur. Bu, bankın mənfəətinə təsir edir və bəzən yeni kredit verməyi məhdudlaşdırır.
Bu, iqtisadiyyat üçün də risklidir. Banklar ehtiyatlananda kredit şərtləri sərtləşir, daha az kredit verilir və ticarət zəifləyə bilir. Kiçik biznes borc tapa bilməyəndə böyümə də yavaşıyır.
Bəs hökumət və tənzimləyici nə edə bilər?
Burada bir sehrli düymə yoxdur, amma bir neçə istiqamət görünür:
- Banklarda risk qiymətləndirilməsi güclənə bilər; gəlir yoxlanışı, borc yükünün (məsələn, aylıq ödənişin gəlirə nisbəti) daha ciddi hesablanması. AMB-nin “erkən xəbərdarlıq sistemi” tələbi də bu yanaşmanın bir hissəsidir.
- Faizlər bazar qaydaları ilə formalaşsa da, istehlak kreditlərində şəffaflıq və rəqabət artırılsa, yük yüngülləşə bilər; Natiq Cəfərli də faiz yükünün azaldılmasının iqtisadi canlanmaya kömək edə biləcəyini deyir.
- Maliyyə savadlılığı; insanlar kredit götürəndə özünə “bu pulu qaytara biləcəyəmmi?” sualını əvvəlcədən daha ciddi verməlidir.
- Sosial həssas qruplar üçün hədəfli dəstək və restrukturizasiya mexanizmləri (borcun müddətinin uzadılması, ödəniş qrafikinin yenilənməsi) böhranı yumşalda bilər. 2019-cu ildə valyuta kreditləri üzrə məzənnə fərqinə dair dövlət mexanizmi də bu yanaşmanın bir nümunəsi idi.
Azərbaycanda problemli kreditlər