Azərbaycanda prezident oğlunun orduya çağırılması müzakirə olunur
Paylaşmaq
Paylaşmaq
Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev orduya xidmətə yollanıb. Gənc oğlan bu yaxınlarda universitetdə təhsilini bitirib və yaşına görə hərbi çağırışa düşüb. Yəni bunda təəccüblü və sensasiyalı heç nə yoxdur. Bununla belə bu xəbər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
İnsanlar iki düşərgəyə bölünüb.
Birincilər bunda gözəl vətənpərvərlik göstəricisi və başqa məmurlar üçün nümunə görür.
Digərləri isə nəvə Heydər Əliyevin ön cəbhədə deyil, dövlət təhlükəsizlik xidmətində qulluq edəcəyinə diqqət çəkir. Sadə dillə desək, o, hardasa sərhəddə yox, Bakıda elit hərbi hissədə xidmət göstərəcək.
“Ölkə müharibə şəraitindədir. Prezident oğlunu orduya yox, DTX-ya göndərir. Yəni o öz oğlunu orduya etibar etmir”, – Facebook səhifəsində müstəqil jurnalist Xədicə İsmayıl yazır.
Forumdakı insanlar elə bu səpkidə mübahisə edirlər:
“O, elit hərbi hissəyə düşüb, yeri gəlmişkən, bu hissənin nə orduya, nə də Müdafiə Nazirliyinə heç bir aidiyyatı yoxdur”.
“Biz oğlanlarını anasının tumanı altında gizlədən deputatları söyməyə öyrəşmişik. İndi isə prezidentin oğlu hərbi xidmətə gedib. Stereotipi sındırıb. Pisdi məgər?”
“Afərin, prezident aparatında oğlanlarını xidmətə göndərməyən digərləri üçün yaxşı nümunədir!”
“Onunki kimi bu cür hərbi xidməti ancaq arzulamaq mümkündür. Bax, əgər onu tualetləri üfunətli, yataqları birəli, şorbasından tarakan çıxan cəbhəyə yaxın hissəyə salsaydılar, bu əla nümunə olardı”.
“Çox qəribə millətik: məmurun oğlu orduya getməyəndə qəzəblənirik, gedəndə isə məzələnirik. Qürur duymaq lazım olan yerdə paxıllıq edirik. Heç olmasa bir dəfə yaxşı bir şeyi təqdir edəydik”.
Və bütün bunların fonunda bəziləri ümid edir ki:
“Nə bilmək olar, bəlkə əsgərlərin həyat şəraitini yaxşılaşdırarlar. Hər şey yaxşılığa doğru”.