Azərbaycanda ölkə tarixində ən “qızğın” bələdiyyə seçkisi keçirildi – YENİLƏNİB
Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Ölkə müstəqillik əldə edəndən ilk dəfədir ki, cəmiyyət bu seçkilərə hər hansı maraq göstərir, namizədlər arasında isə keçmiş siyasi məhbuslar, müxalifətçilər və feminist qadınlar var.
• Azərbaycanda 2019-cu il bələdiyyə seçkiləri nə ilə maraqlıdır?
• Niyə Gürcüstan müxalifəti növbədənkənar parlament seçkiləri tələb edir?
Ümumilikdə seçkilərdə 40 min nəfərdən çox namizəd iştirak edir, onlar arasından bütün ölkə üzrə 1606 bələdiyyəyə 15156 nəfər üzv seçiləcək.
22:00
Azərbaycanda bələdiyyə seçkiləri sona çatıb.
Müstəqil namizədlərin müşahidəçiləri bir neçə seçki məntəqəsində çoxsaylı faktlar haqda məlumat veriblər.
Söhbət “karusellərdən”, müşahidəçi və jurnalistlərin işinə törədilən maneədən gedir. Onlardan bəzilərini hətta polis vasitəsilə seçki məntəqələrindən uzaqlaşdırmaq istəyiblər.
Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, seçici iştirakı 32,72 faiz təşkil edib.
Seçkilərin ilkin nəticələri dekabrın 24-də elan olunacaq.
14:00
12:00-a qədər seçicilərin 18,07 faizi bələdiyyə seçkilərində səs verib – Report.az Mərkəzi Seçki Komissiyasının nümayəndəsinə istinadən xəbər verir.
Sosial şəbəkələrdə və müstəqil mediada bəzi seçki məntəqələrində baş verən pozuntular haqda məlumatlar yayılır.
Bakı ətrafındakı Suraxanı rayonunda müşahidəçilər “karusel” əməliyyatı aşkarlayıblar – eyni adamlar müxtəlif seçki məntəqələrində bir neçə dəfə səs veriblər. Bu haqda “Turan” informasiya agentliyi yazıb və əlavə edib ki, bu prosesə seçki keçirilən məktəblərin direktorları rəhbərlik edir.
Məsələ ilə bağlı rəsmi şərhlər almaq mümkün olmayıb.
Bundan başqa, Bakıda, eləcə də əyalətlərdə bəzi məntəqələrdə seçki komissiyasının nümayəndələri müstəqil müşahidəçilərə mane olur – “Toplum.tv” məlumat verir. Məsələn, Bakının Nizami rayonundakı məntəqələrin birində onlara çəkiliş aparmağa icazə verilməyib. Bu məntəqədə müşahidə kamerası da yoxdur, baxmayaraq ki, qanunla kameraların olması mütləqdir.
Bakının digər rayonlarının sakinləri də məntəqələrdə müşahidə kameralarının olmadığı haqda məlumat veriblər.
Qeyri-adi seçkilər
İlk dəfə Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib, o vaxtdan bəri bu seçkilər beş ildən bir baş tutur.
Əvvəllər bələdiyyə seçkiləri çox sönük keçirdi. Ölkə sakinlərinin çoxu bu seçkilərdə iştirak etmirdi. Hətta müxalifət və jurnalistlər də bu seçkini formallıq kimi qəbul edirdi.
Amma bu il, dekabrın 23-də seçkilər ölkənin daxili siyasi həyatında ümumi canlanma və bir neçə gözlənilməz hadisənin müşayiəti ilə davam edir.
Bu hadisələrdən ən əsası parlamentin özünü buraxması və növbədənkənar parlament seçkilərinin elan olunmasıdır (parlament seçkiləri 2020-ci il fevralın 9-da baş tutacaq).
Bundan başqa ötən üç ay ərzində prezident İlham Əliyev hökumətdə dəyişikliklər edib və bir neçə yüksək vəzifəli, cəmiyyətdə sevilməyən məmuru istefaya göndərib.
Bələdiyyə seçkilərindən bir həftə əvvəl isə Dövlət Təhlükəsizlik Xidməti korrupsiya və talan ittihamı ilə iki icra hakimiyyəti başçısını həbs edib.
Payızda Azərbaycanda həmçinin son illərdə ilk dəfə bir neçə razılaşdırılmamış etiraz aksiyası da baş tutub.
Bütün bunlar cəmiyyəti müəyyən mənada “çalxalayıb”.
Təşviqat və ilk pozuntular
Müxalifətçilər və ictimai fəallar arasından olan namizədlər Facebook-da fəal təbliğat kampaniyası aparıb, gəncləri seçkidə səs verməyə və hətta müstəqil müşahidəçi kimi prosesə qatılmağa çağırıblar.
Dekabrın 21-də namizədlərdən biri, ucqar kəndlərin birində qadınların işlə təmin olunması üçün sosial biznes yaradan Vəfa Nağı Facebook səhifəsində yerli hakimiyyət nümayəndələri tərəfindən təzyiqə və təhdidə məruz qaldığı haqda yazıb. Nağının hazırkı bələdiyyə sədrinin qardaşıoğlunun seçki komissiyasının tərkibində olmasının nə dərəcədə qanunauyğun olduğu buna səbəb olub.