Azərbaycanda “nümunəvi qəbiristanlıqlar” yaratmağa hazırlaşırlar
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Milli Məclisinin İctimai Təşkilatlar və Dini Qurumlar üzrə Komitəsi dini xidmətlərin təkmilləşdirilməsi haqda qanun layihəsi təklif edib. Sənəddə hökumətin müəyyənləşdirdiyi qiymətlərin olacağı “nümunəvi məzarlıqlar” vahid şəbəkəsinin yaradılması təklif olunur.
“Nümunəvi məzarlıqlar bütün respublika ərazisini əhatə edəcək. Böyük yaşayış məntəqələrində məzarlıq dövlət balansında olacaq. Kənd yerlərində isə yerli bələdiyyələrin balansında ola bilər. Sənəd artıq tam hazırdır, yaxın zamanda parlamentin müzakirəsinə veriləcək. Ola bilər ki, prezidentin də müvafiq göstərişi olsun”, – Parlament Komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytına bildirib.
Komitə sədrinin sözlərinə görə, layihədə nümunəvi məzarlıqların idarə olunmasına, mühafizəsinə və xidmət göstərilməsinə xüsusi diqqət yetirilib.
Novruzov əlavə edib ki, dini ayinlərin yerinə yetirilməsinə savadlı mütəxəssislər cəlb olunacaq. “Siz yəqin bilirsiz ki, bu gün qəbiristanlıqlarda olan mollaların çoxu heç ərəb dilini də bilmir”, – Novruzov deyib.
Məzarlıqların və dini xidmətlərin hazırkı vəziyyəti ilə JAMnews-un “Azərbaycanda ölmək: qiymətlər, mərasimlər, qaydalar” məqaləsində tanış ola bilərsiz.