Bu gün Azərbaycanın paytaxtı Bakıdan tutmuş ucqar kəndlərinə qədər hər yerdə bayram ab-havası hökm sürür. Martın 20-si və 21-i, yaz gəlişi münasibətilə Azərbaycan xalqı Novruz Bayramını qeyd edir.
Bu bayram yeni ilin gəlişini bildirir. Həm də təbiətin oyanışını və həyatın yenilənməsini simvollaşdırır.
Bakının mərkəzi meydanı olan Fəvvarələr Meydanı Novruz münasibətilə bəzədilib
Novruzun tarixi kökləri min illərə gedib çıxır. Qədim Zərdüşt dini ilə bağlı olan bu bayram fars və türk xalqlarının mədəniyyətində dərin iz buraxıb. Azərbaycanda Novruz ənənələri qədim əkinçilik mədəniyyəti, od və su kultu ilə sıx bağlıdır.
Alim Əbu Reyhan Biruni və şair Nizami Gəncəvinin əsərlərində də qeyd olunan bu bayram 2009-cu ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu da onun regional əhəmiyyəti və müasir dünyada qorunmasının vacibliyini ilə bağlıdır.
Bayrama hazırlıq bir ay əvvəldən başlayır. Dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri xüsusi mərasimlərlə keçirilir. Hər biri təbiətin elementlərinə həsr olunub. Ən vacibi Axır çərşənbədir. Bu gün həyətlərdə tonqallar qalanır, insanlar üzərindən tullanaraq keçmiş ilin problemlərindən, xəstəliklərdən təmizləndiyinə inanırlar. “Ağırlığım-uğurluğun köhnə ildə qalsın” sözləri hər yerdə səslənir səslənir, uşaqların gülüşü ilə qarışır.
Bakıda Novruz Bayramı qeyd edilir; Bayramın simvollarından olan “Keçəl” tonqalın ətrafında fırlanır
Novruzun əsas simvollarından biri səmənidir. Bayramdan bir neçə həftə əvvəl buğda göyərdilir və süfrənin mərkəzində yer alır. O, bolluq və məhsuldarlığın rəmzidir. Novruz xonçasında səməni ilə yanaşı rəngli boyanmış yumurtalar, güzgü, şam, paxlava, şəkərbura, qoğal və digər şirniyyatlar düzülür. Hər bir yeməyin öz simvolik mənası var: paxlava qədim günəş formasını xatırladır, şəkərbura isə ailə səadətini təcəssüm etdirir. Bu süfrə dadlı olması ilə yanaşı, həm də həyatın harmoniyasının əksi kimi qəbul edilir.
Bayram günləri ailələr bir-birini ziyarət edir, qohumlar arasında küsülülər barışır. Uşaqlar və gənclər arasında papaqatma və ya torba atma adəti geniş yayılıb – qapılara atılan papaqlar şirniyyatlarla, hədiyyələrlə dolu qaytarılır. Qulaq falı isə ən sevilən əyləncələrdəndir: ürəkdə arzu tutub qonşu evin qapısında gizlincə dinləyib gələcəyi yozurlar. Bu adətlər nəsildən-nəslə keçərək, bayramı təntənəli edir.
Bakıdakı məhələllərin birində sakinlər Novruz tonqalının ətrafına toplaşıb
Müasir Azərbaycanda Novruz dövlət səviyyəsində qeyd olunur. Bakıda və digər şəhərlərdə böyük konsertlər, xalq oyunları, yallı rəqsləri təşkil edilir. Parklar və meydanlar bayram bəzəyinə qərq olur. Lakin bayramın əsas mahiyyəti ailələr arasında baş tutur. Bir çox ailə ənənəvi yeməklər bişirir və gənc nəslə adətləri öyrədir.
Novruz bayramı dərin fəlsəfi məna daşıyır. O, insanlara hər il yenidən doğulmaq, keçmişi arxada qoyub gələcəyə ümidlə baxmaq imkanı verir. Qədim adətlər müasir həyatda da yaşayır, milli kimliyi qoruyur və insanları birləşdirir. UNESCO-nun qeyd etdiyi kimi: Novruz sülh, həmrəyliyi və nəsillər arası əlaqəni gücləndirən bayramdır.
Bu il də Azərbaycan xalqı Novruzu qeyd edərək baharın gəlişini və yeni ümidləri salamlayır.