Azərbaycanda növbəti müxalif mətbuat nümayəndəsi məhkum olunub
Paylaşmaq
Paylaşmaq
İyunun 24-də Bakının Səbail rayon Məhkəməsi müxalif “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlini üç il üç ay müddətinə azadlıqdan məhrum edib.
Bundan başqa Əmirli 39 min manat (23 min ABŞ dollarına yaxın) cərimə ödəməlidir.
Bundan əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı Əmirlinin 4,5 il müddətində azadlıqdan məhrum olunmasını tələb etmişdi.
Əmirli 2026-cı il avqustun 20-də dinlərarası nifaqın salmaqda ittiham olunaraq həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda deyilirdi ki, Əmirlinin Türkiyədə dövlət çevrilişinin təşkilində ittiham olunan din xadimi Fətullah Gülənin rəhbərlik etdiyi hərəkatla əlaqələri var. Sübut olaraq isə axtarış zamanı onun evində və maşınında aşkarlanan Gülənin kitabları və onun moizələrinin yazıldığı disklər göstərilib. Əmirlinin özü Gülən hərəkatı ilə hər hansı bir əlaqəsinin olmadığını vurğulayıb.
Bu il aprelin 17-də ona qarşı ilkin ittihamlar onun üzərindən götürülüb, əvəzində yeni ittihamlar irəli sürülüb.
Əmirlinin vəkili Aqil Layıcov irəli sürülmüş ittihamları qəti şəkildə rədd edib.
“Faiq Əmirliyə qarşı irəli sürülən ittihamlar nəinki əsassızdır, heç yuxuya, hipotetik ehtimala da sığmır. Bu ittihamların Faiq Əmirliyə ümumiyyətlə heç bir dəxli yoxdur”, – Layıcov deyib.
Onun sözlərinə görə, bütün sübutlar saxtalaşdırılıb.
Əmirli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. “Human Rights Watch” və “Sərhədsiz Reportyorlar” kimi beynəlxalq təşkilatlar Əmirlinin həbsini pisləyib.