Azərbaycanda növbəti intim video qalmaqalı: bu cür məlumatlar haradan və necə yayımlanır?
Sosial şəbəkələrin Azərbaycan seqmentində növbəti intim video qalmaqalının qızğın müzakirəsi aparılır. Bildirildiyinə görə, müxalifət liderlərindən biri Cəmil Həsənlinin qızının şəxsi həyatına aid görüntülər yayımlanıb. Buna həm C.Həsənlinin özü, həm də bir çox məşhur fəallar və jurnalistlər münasibət bildirib. JAMnews bu cür videoların haradan yayımlanmasını öyrənməyə çalışıb.
Cəmil Həsənli kimdir?
69 yaşlı tarixçi-alim 1980-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) işləyib, 2011-ci ildə könüllü şəkildə buradakı işindən ayrılıb.
1993-cü ilin aprelində Azərbaycan prezidenti Əbülfəz Elçibəyin müşaviri təyin olunub, iki aydan sonra yeni hakimiyyət tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
2000-ci və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına sədr seçilib və 2015-ci ilin prezident seçkilərində Milli Şuradan vahid namizəd kimi iştirak edib, səslərin 5,53%-ni toplayıb. Cəmil Həsənli seçkilərin saxtalaşdırıldığını bildirib və nəticələrini tanımayıb.
Hazırda Milli Şuranın sədridir. Ailəlidir, dörd övladı var.
“Burada qeyri-adi bir şey yoxdur”
Yayımlanmış video haqqında Cəmil Həsənli özünün “Facebook” səhifəsində bunları yazıb:
“Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur.
Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir”.
- Azərbaycan parlamentinin deputatı əxlaqsız qadınla görüşü haqda danışıb
- Azərbaycanda 14 yaşlı qızı erkən evlilikdən yerli hakimiyyət xilas edib
- Şərh. “İntim xidmətin” yüz sinonimi və ya Azərbaycanda necə iş tapmalı?
Bu cür məlumatlar haradan və necə yayımlanır?
Son zamanlar “Teleqram” messencerində yayımlanan bu cür videoların necə və haradan idarə olunmasını aydınlaşdırmaq üçün JAMnews informasiya texnologiyaları üzrə mütəxəssisə müraciət edib.
Adının çəkilməsini istəməyən ekspertin bildirdiyinə görə, bunu anlamaq üçün həmin kanallarda yayılan məlumatların dərc edildiyi vaxta diqqət yetirmək kifayətdir:
“Fikir versəniz, görərsiniz ki, bu cür teleqram-kanallarda materiallar müəyyən zaman aralığında, yəni Bakıda iş saatları olan vaxt dərc edilir. Nadir hallarda istirahət günlərində həmin kanallara yeni bir şey əlavə olunur.
Başqa sözlə, sanki kimsə dövlət müəssisələrində olduğu kimi, müəyyən saatlarda işləyir. Bu baxımdan həmin kanalların haradan idarə eidlməsi şəxsən məndə şübhə doğurmur.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, belə kanallar “private” rejimində işləyir. Yəni publik deyil. Çünki publik kanalları şikayət etməklə, onların bağlanmasına nail olmaq elə də çətin deyil”.
Şərhlər
İntim videonun yayımlanması xəbərinə bir çox məşhur siyasi fəallar və müstəqil jurnalistlər özlərinin sosial şəbəkə hesablarında münasibət bildiriblər.
“Cəmil Həsənli ləyaqət nümunəsi göstərir. Respect!” – araşdırmaçı jurnalist Xədicə İsmayıl.
“Cəmil Həsənli bu ölkənin ən dəyərli insanlarındandır. Əxlaqsız mübarizə üsullarınızla onun dəyərini azalda bilməzsiniz”, – jurnalist Alya Yaqublu.
“İnsanların övladlarının gizli videolarını çəkmək və yaymaq, buna dövlət orqanlarını alət etmək ən böyük mənəviyyatsızlıqdır. Bütün bu addımlar Cəmil Həsənliyə hörməti azaltmır, əksinə, artırır”, – siyasi fəal Bəxtiyar Hacıyev.