Azərbaycanda növbəti etiraz aksiyaları və həbslər – blogerin aclıq etməsinə reaksiya
Həbsdə olan video-bloger Mehman Hüseynov ona qarşı açılan növbəti cinayət işinə etiraz olaraq dekabrın 26-dan aclıq elan edib. Bu, cəmiyyətdə böyük rezonans doğurub: bir qism sosial şəbəkələrdə ədalət tələb edir, digər qism isə etiraz aksiyalarına çıxaraq, özləri də həbs olunur.
Hər şey nədən başladı?
Mehman Hüseynov məmurları tənqid edən videoları ilə məşhurdur. 2016-cı ildə o, polis tərəfindən saxlanılıb, bundan sonra işgəncəyə məruz qaldığı ilə bağlı şikayət edib. Nəticədə Mehman böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
Bu müddət 2019-cu ilin martında sona çatmalı idi, amma dekabrın 26-da ona qarşı ədliyyə leytenantı Əli Abdalovu döyməsi ittihamı ilə yeni cinayət işi açılıb. Blogerin özü bu ittihamı tamamilə rədd edir və etiraz əlaməti olaraq aclıq elan edib. Hazırda o artıq 11 gündür ki, aclıq edir və vəkilin sözərinə görə, ağır vəziyyətdədir.
Penitensiar Xidmətdə isə bildirilir ki, Mehman Hüseynov cəmi bir gün aclıq edib, hazırda yemək yeyir və səhhəti ilə bağlı heç bir problem yoxdur.
Etiraz aksiyası
Yanvarın 3-də iyirmiyə yaxın jurnalist və siyasi fəal problemə diqqət çəkmək üçün aksiya keçirməyə cəhd göstərib. Polis demək olar ki, dərhal aksiyanı dağıdıb və dörd nəfər aksiya iştirakçısı üç həftə inzibati həbsə məruz qalıb.
• Azərbaycanda jurnalistlər üçün qırmızı xətt haradan keçir
• Siyasi məhbusların anaları oğullarının niyə tutulduğu haqda danışır
Yanvarın 6-da gənclərdən ibarət bir qrup Bakı Apellyasiya Məhkəməsinin önündə etiraz aksiyası keçirib. On beş nəfər aksiya iştirakşısı saxlanılıb, onlardan yeddisi yanvarın 7-də məhkəmə qarşısına çıxarılıb. Mühakimə olunanlardan üçü üç həftəyə qədər inzibati həbs cəzası alıb, dördü isə 400-450 manat (250 dollara yaxın) həcmində cərimələnib.
Müxalif Müsavat Partiyası yanvarın 12-də Mehmanın müdafiəsi məqsədilə etiraz aksiyası keçirəcəyini bəyan edib.
Siyasətçilərin reaksiyası
Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarından olan yeddi fəal Mehmanla həmrəylik əlaməti olaraq aclıq elan edib.
Az əvvələ qədər azərbaycanlı siyasi məhkumlar siyahısına öncüllük edən İlqar Məmmədovun lideri olduğu müxalif Respublikaçı Alternativ Partiyası da sosial şəbəkələrdə Mehmanın müdafiəsinə həsr olunmuş kampaniyanı dəstəkləyir.
Cəmiyyətin reaksiyası
Yalnız jurnalistlər və siyasi fəallar yox, sadə sosial şəbəkə istifadəçiləri də #freeMehman heşteqi ilə qəzəbli statuslar yazmağa başlayıb.
Bu və digər analoji heşteqlər prezident İlham Əliyevin rəsmi səhifəsində paylaşılan statusların altında şərh bölməsində də görünməyə başlayıb, amma səhifə moderatorları onları tez siliblər.
Yanvarın 5-də sosial şəbəkələrdə Mehmanın döydüyü iddia olunan leytenant Əli Abdalovun ünvanı və telefonu qeyd edilmiş fotosu yayılmağa başlayıb. Blogerin tərəfdarları sosial şəbəkələrdə Abdalovu söyür, hətta real olaraq onu tapıb, nə cürsə cəzalandırmağı da təklif edirlər.
Berlində yaşayan reper Camal Əli Mehmana mahnı həsr edib – o, Azərbaycanın vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevaya sarkazmla müraciət edərək “öz dəstəsini geri çəkməsini” xahiş edib.
Medianın reaksiyası
Bütün yerli media bu və ya digər formada hadisəyə reaksiya verib: iqtidaryönlülər Mehman Hüseynovun aclığa son qoyması ilə bağlı rəsmi məlumata vurğu edib, müstəqillər isə Mehmanın vəkili və doğmalarına istinadən məlumat yayıb.