Azərbaycanda müxalifətçi uzun müddətli həbsdən və on günlük aclıqdan sonra məhkəmə zalından azad edilib
Paylaşmaq
Paylaşmaq
Foto: Turan
Narkotik alverində günahlandırılan müxalifətçi Azad Həsənov məhkəmə zalından azad edilib. Son doqquz ayını istintaq təcridxanasında keçirən Həsənov doqquz gündür ki, aclıq aksiyası keçirirdi.
Azad Həsənov müxalif Müsavat partiyasının fəalıdır.
2014-cü ildə o, Litvada siyasi sığınacaq alıb və müxalifətçi kimi fəaliyyətini orada davam etdirib.
2018-ci il oktyabrın 10-da Həsənov Azərbaycana gəlib ki, ağır xəstə olan atasına baş çəksin. Səhəri gün o həbs olunub və narkotik alverində ittiham edilib.
Həsənovu 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi. O bildirib ki, işgəncə hədəsi altında günahını etiraf etməli olub. Azərbaycan hüquq müdafiəçiləri bu hadisəni növbəti siyasi repressiya halı hesab edib.
O zamandan bəri Azad Həsənov istintaq təcridxanasında idi.
Məhkəmə araşdırması fevral ayında başlayıb, avqusta qədər davam edib.
İyulun 22-də növbəti məhkəmə iclasında Azad Həsənov aclıq elan edib. O, cinayət işinə xitam verilənə qədər aclığı davam etdirmək niyyətini açıqlayıb. Amma iyulun 31-də həmkarlarının və vəkilinin təkidi ilə aclıq aksiyasını dayandırdığını bildirib.
Azadlığa buraxılması
Avqustun 5-də Azad Həsənov haqda hökm oxunub. İlkin ittiham daha yumşaq ittihamla əvəzlənib – “şəxsi istifadə üçün mümkün normadan artıq narkotikin qanunsuz dövriyyəsi”, – Turan xəbər verir.
Nəticədə Həsənov bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Amma bu müddətin böyük hissəsini artıq həbsdə keçirdiyi üçün cəzanın qalan bir neçə ayı şərti cəza ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Həsənovun özü hökmlə razı deyil. O hesab edir ki, hökm ədalətsiz, siyasi motivlidir və şikayət verməyə hazırlaşır. O, həmçinin Azərbaycandan çıxmaq haqqına nail olmaq və Litvaya qayıtmaq istəyir.