Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim iyulun 26-da saxlanılıb. Onun oğlu Turan İbrahimin dediyinə görə, atası bir neçə gün əvvəl həbs olunan qardaşı Mehdi İbrahimə yemək apararkən tutuliub. Turan İbrahim əlavə edib ki, atasının Bakı Baş Polis İdarəsinə aparıldığını ehtimal edir:
“Atamı saxlayan mülki formalı şəxslər özlərini Bakı Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim ediblər”.
İyulun 26-da AXCP-nin daha iki fəal üzvünün – Elnur Yusifov və Sarvan Cumayevin də saxlandığı deyilir. Bu barədə məlumat yayan AXCP üzvlərinin sözlərinə görə, onlar barəsində də məlumat almaq mümkün olmayıb. Bu məlumatları Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan da dəqiqləşdirmək mümkün olmayıb.
Məmməd İbrahimin oğlu Mehdi İbrahim Cinayət Məcəlləsinin 139-1.1-ci karantin rejiminin pozulması, xəstəliyin yayılmasına səbəb olma və ya buna təhlükə yaratmaq maddəsi ilə ittiham olunub. O, 3 ay müddətində həbs edilib.
Məmməd İbrahim kimdir?
Məmməd İbrahim daha əvvəl 3 ilə yaxın həbsdə olub. O, ötən il fevralın 13-də azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilən şikayətə baxıb:
Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq faktiki həbsdə yatdığı müddətlə əvəzlənib və o, həbsdən azad olunub.
Məmməd İbrahim 2015-ci ilin sentyabrında həbs edilmişdi. O, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham olunurdu. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi onu 3 il azadlıqdan məhrum etmişdi. 2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bildirilmişdi. 2017-cu il yanvarın 10-u Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək əlavə 5 ay 22 gün müddətinə azadlıqdan məhrum etmişdi.