“Azərbaycandakı 31 400 nəfər ölkənin demək olar ki, bütün ixracatını təmin edir”. İqtisadçı şərhi
Azərbaycanda məşğulluq statistikası
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkədə ilk dəfə olaraq özəl sektorda çalışanların sayı dövlət sektorunda çalışanların sayını üstələyib. Amma iqtisadçı ekspert, Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli bunun əksini göstərən rəsmi statistikaya istinad edib. “Ölkənin iqtisadi modeli o qədər səmərəsizdir ki, ölkə cəmi 31,4 min nəfərin hesabına dolanır”, – Cəfərli əlavə edib.
- Gürcüstanın yeni baş naziri kimdir? İrakli Kobaxidze haqda əsas faktlar
- Dəhşətli cinayət – 25 yaşlı gənc ailəsinin 5 üzvünü qətlə yetirib
- Ermənilərin Qarabağa qayıdışı: bu nə dərəcədə realdır? Bakıdan şərhlər
“Mikayıl Cabbarov deyib ki, 2023-cü ildə Azərbaycanda özəl və qeyri-neft sektorunda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan işçilərin sayını üstələyib.
Dövlət Statistika Komitəsi rəsmi məlumat yayıb ki, 2024-cü ilin əvvəlinə muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər təşkil edib. İqtisadiyyatın neftqaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1710,4 min nəfər çalışıb.
Yəni, rəsmi statistika deyir ki, 2023-cü ilin nəticələrinə görə dövlət və neft sektorunda özəl sektora nisbətən 56 min 400 nəfər çox işçi çalışır. İndi nazir düz deyir, ya dövlət statistika komitəsi?!” – Natiq Cəfərli sual edir.
Nazir nə deyib?
2023-cü ildə Azərbaycanda özəl və qeyri-neft sektorunda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan işçilərin sayını üstələyib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib.
“2019-cu ildə biz təşviq əsaslı vergi siyasətinin icrasına başlayanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı. 5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət sektorunda çalışan işçilərin sayını üstələyib. Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb”, – deyə o qeyd edib.
İqtisadçı şərhi
Natiq Cəfərlinin sözlərinə görə, ölkənin “faciəvi iqtisadi mənzərəsi haqqında daha bir detal” ondan ibarətdir ki, “sektorlar üzrə çalışanların say nisbəti ciddi əhəmiyyət kəsb etmir”.
“Təsəvvür edin ki, ölkədə neft-qaz sektorunda cəmi 31 min 400 nəfər çalışır, amma 2022-ci ilin göstəricilərinə görə, ölkədə ÜDM-in 47,8%-i neft-qaz sektorunda yaranıb, büdcə gəlirlərinin 52,7 %-i neft gəlirlərinin hesabına əmələ gəlib və nəhayət, ixracın 92,5% -i neft-qaz, neft məhsulları hesabınadır.
Yəni məmləkətdə 31 min 400 nəfər ölkə büdcəsinin yarıdan çoxunu, ixracatın isə 92,5%-i təmin edir – faciəvi rəqəmlərdir. Ölkənin iqtisadi modeli o qədər qeyri-effektivdir ki, məmləkəti cəmi 31,4 min nəfər dolandırır.
Cənab nazir, bu məsələyə münasibətiniz varmı, açıqlama, izah olacaqmı?!” – deyə Cəfərli sosial şəbəkədəki hesabında yazıb.