Azərbaycanda kinorejissor açıq-saçıq geyinən qadınları zorlamağa çağırış edib
Azərbaycanda “Pantural” kimi tanınan kinorejissor Tural Səfərov açıq-saçıq geyinmiş qadınları zorlamağa çağırıb. O, bu barədə sosial şəbəkədə qeyd yazıb və videomüraciət paylaşıb. Bundan sonra bir neçə tanınmış şəxs və sosial media istifadəçisi onu dəstəkləyib. Cəmiyyətdə xeyli çaşqınlıq yaratmış bu müraciət polisin də nəzərindən yayınmayıb.
- “Müəllimə dedi ki, sən köksən, bu paltar sənlik deyil”. Artıq çəkiyə görə alçaldılanların hekayələri
- Bakıda sahibsiz itlərin öldürülməsinə qarşı aksiya zorakılıqla dağıdılıb – VİDEO
- Dağıstanda qadın çimərliyi: tarix və qalmaqal
Nə baş verib?
“Harada açıq-saçıq qancıq gördünüz, zorlayın” adlı çağırış edirəm”. Bunu social şəbəkədə rejissor Tural Səfərov yazıb. O, daha çox “Pantural” ləqəbi ilə tanınır.
Bu qeyd social şəbəkələrin Azərnbaycan seqmentində “partlayış” effektinə səbəb olub və demək olar ki, bütün fəal istifadəçilər ona reaksiya veriblər. Əksəriyyət bu çağırışı qınasa da, onu dəstəkləyənlər də olub. Rejissorun çağırışına qoşulanlardan biri populyar müğənni Nadir Qafarzadədir. O, hətta açıq-saçıq geyinənlərə qarşı “qeyrət cihadı”na çağırış edib.
Daxili İşlər Nazirliyi az qala dərhal məsələyə reaksiya verib və “Pantural”ın müraciəti ilə bağlı araşdırmanın aparıldığını bildirib.
Bu material hazırlanan vaxt social şəbəkələrdə rejissor Tural Səfərovun ictimaiyyətdən üzr istədiyi video yayımlandı. Videoda o, səhv etdiyini bildirib və Azərbaycan xalqından üzr istəyib.
“Bu cür çıxışları olduqca təhlükəli hesab edirəm”
Gender aktivisti Gülnara Mehdiyeva sözügedən müraciətlə bağlı düşüncələrini JAMnews-la bölüşüb:
“Bu cür çıxışları Azərbaycan cəmiyyəti üçün olduqca təhlükəli hesab edirəm. Çünki zorlama, qadına qarşı cinsi qısnama tamamilə normallaşdırılır və bu da zorlama mədəniyyəti anlayışını adiləşdirir. Ənənəvi mədəniyyət tərəfindən də dəstəklənir.
Bu cür çıxışlar və gələn dəstək rəyləri ictimai fikir formalaşdırır. Həmin şəxs ictimai şəxsdir və kifayət qədər izləyicisi var. Çox sayda insanın da onun düşüncələrini dəstəkləməsi cəmiyyətin böyük bir hissəsinin buna normal yanaşması təəssüratını yaradır.
Zorlama mədəniyyətinə xidmət edən şeylər nələrdir? Qurbanın özünü günahlandırmaq, qadının seksual obyekt kimi görülməsi və s. Hansı ki, Pantural da bunları edib”.
Gülnara Mehdiyeva deyir ki, kinorejissor açıq şəkildə cinsi qısnamaya, təcavüzə çağırış edib.
“Bu, cinayət hesab olunmalıdır. Bütün hallarda cinayətkarın özü fokusdan kənarda qalır, onun günahı yoxdur və qadının başına nə gəlirsə, öz ucbatından gəlirmiş kimi təəssürat yaradılır. Bu da qadınları müdafiəsiz hala gətirir.
Bu cür insanlara qarşı ictimai qınaq olmalıdır və qanunvericilik sərtləşdirilməlidir. Var olan qanunlar da icra edilməlidir.
O üzr istəyib, lakin bu, onun şəxsi təşəbbüsü ola bilər, üzrü cəza olaraq hesab etmirəm. Elə cinayətlər var ki, onu üzr ilə ört-basdır etmək düzgün deyil.
Üzr ənənəsini inkişaf etdirmək əvəzinə, insanlara real cəzalar verilməlidir. Beləliklə, insanlar belə çıxışlar etməkdən çəkinərlər. Pantural kimi insanların çıxışları qadınların üzərində kontrolu itirmək qorxusundan irəli gəlir”, – G. Mehdiyeva bildirib.
“Birbaşa insan hüquqlarının pozulmasıdır”
Hüquqşünas Vəfa Rüstəm isə məsələyə hüquqi aspektdən yanaşır və deyir ki, Panturalın kifayət qədər izləyici kütləsi var və onun çıxışı ciddi hüquq pozuntusudur.
“Tural Səfərov sözügedən videoda birbaşa insan hüquqlarının pozuntusuna yönəlib. Söz azadlığının müəyyən məhdudiyyəti var və həmin söz azadlığı digər şəxslərin hüquqlarını pozursa, heç bir söz azadlığından söhbət gedə bilməz.
Pantural hazırkı işdə qadınlara qarşı cinsi ayrıseçkiliyi təbliğ edir, qadını alçaldan, təhqir edən fikirlər ifadə edir. Videodakı “gicsən, ala?” ifadəsi də nümunələrdən biridir. Açıq-aşkar nifrət nitqidir. Auditoriyası qadınlara qarşı yönəlib.
Bu, ciddi bir pozuntudur ki, açıq, yaxud qapalı geyinən hər qadın zorakılığın qurbanı ola bilər. Çünki Tural belə bir mif yayır ki, onun təbiətinin hisslərinə qarşı çıxır. Onu demək istəyir ki, kişi ehtiraslanarsa, istədiyi şəxsi zorlaya bilər. Bu, əlbəttə ki, cinayətkarcasına söylənilmiş fikirdir və absurddur.
İkinci mif isə odur ki, kişi qadına nəzarət edə bilər və geyim tərzindən asılı olaraq onu cəzalandıra bilər. Açıq-aşkar bildirir ki, qadına qarşı cinayətdə qadın günahkardır. Bunlar isə hər biri qadın qətllərinə səbəb olur”.
Vəfa Rüstəm bildirib ki, hüquqi baxımdan bu, nifrət cinayətidir:
“Biz Avropa insan haqları konvensiyasının tərəfdarıyıq, həmin konevnsiyaya görə, qadınlara qarşı zorakılıq yolverilməzdir. Qarşı tərəf mütləq cəzalandırılmalıdır. Bizdə – Azərbaycanda isə Cinayət Məcəlləsinin 154-cü maddəsinə əsasən, bərabərlik hüququ pozulur və 283-cü maddəyə əsasən, sosial şəbəkələr vasitəsilə sosial düşmənçiliyi təbliğ etməklə baölı cəza var.
Həm Pantural, həm də ona dəstək verən Nadiq Qafarzadə məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda, qadınlar məhkəmədə kompensasiya tələbi ilə həmin şəxslərə mülki qaydada iddialar qaldırıb, mülki məsuliyyətə cəlb olunmalarını tələb edə bilərlər. Hətta mən təklif edirəm ki, qadınlar birləşib onlara qarşı belə iddialar göndərsinlər”.
Dəstəkləyənlər və şikayət edənlər
Sosial şəbəkələrdə bəhs olunan müraciətlə bağlı çox sayda rəy var. Tural Səfərovu tənqid edənlər də, tərəfini saxlayanlar da az deyil.
Onun tərəfini saxlayan izləyicilərindən biri yazır:
“4-5 ildən sonra görək nə olacaq. Dünən axşam şəhərdə idim. 11-13 yaşlı qızların qarnı, çiyinləri çöldədir. Açıq-saçıq gəzirlər. 18 yaşlarına çatanda qucağında uşaq gedib feministlərə qoşulacaqlar”.
Instagram sosial şəbəkəsində geniş izləyici kütləsi olan “Femkulis” səhifəsi isə Panturala qarşı şikayət kampaniyası başladıb. Qısa zamanda 10 min şəxs rəylərdə ad-soyadını qeyd edərək şikayət ərizəsinə qoşulmaq istədiyini bildirib.
Məşhur müğənni Nadir Qafarzadə isə Panturala dəstək olaraq çoxsaylı tənqidlərə məruz qalıb. Nadir yazır: “Pantural həbs olunsa, qeyrət cihadı edəcəyik. Başıaçıqları, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də. Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz.”
Prodüser Tarix Əliyev də Panturala dəstək verən məşhurlar sırasındadır.
Tural Səfərov polis idarəsində üzr ustədikdən sonra Nadir Qafarzadə də ictimai qınağa dözməyərək, yeni video paylaşıb və dediklərini təkzib edib: “Mən ifaçıyam, zorakılıq nədir?! Kim necə istəyir elə də geyinsin, mənə nə? Gedin, işinizlə məşğul olun”.