Son bir ayda Azərbaycanda səkkizinci jurnalist saxlanılıb
Azərbaycanda jurnalistlərin təqib olunması
Azərbaycanda daha bir jurnalist – Hafiz Babalı saxlanılıb. İlkin məlumata görə, onun saxlanılma səbəbi “Abzas Media” işi ilə bağlıdır. O, bir aydan az müddətdə saxlanılan 8-ci media nümayəndəsidir. Daha öncə saxlanılan 6 jurnalistə qarşı cinayət işi açılıb, bir nəfər 30 sutka inzibati həbs cəzası alıb. Ötən gün saxlanılan yeddinci jurnalist – Teymur Kərimov hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
- Bakı COP29-a evsahibliyi edəcək. Şəhər buna hazırdırmı? Şərh
- “Onların mənə ehtiyacı var” – Digər kişilərə nümunə olan tənha atanın hekayəsi
- Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə uzadılıb. Sərhədlər bağlı qalır
“Abzas Media” işi üzrə beşinci saxlanılma
Dekabrın 13-də polis “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin müdiri, araşdırmaçı jurnalist Hafiz Babalını saxlayıb.
Babalanın ailəsi bildirib ki, bu gün Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi və 8 polis əməkdaşı onların evində axtarış aparıb.
“Hafiz işə gedərkən polislər saxlayıb və əllərini qandallayıb. Sonra evimizdə iki saatdan çox axtarış apardılar. Hər yeri axtardılar. Axtarış evimizin hər yerində oldu. Hətta uşaqların kitablarının arasını belə yoxladılar. Hafizin komputerini, telefonunu və onun işi ilə bağlı olan bir sıra sənədləri götürdülər”, – jurnalistin ailəsindən “Amerikanın Səsi”nə deyiblər.
Saxlanılma və axtarış zamanı Hafiz Babalı vəkilsiz olub.
Onun konkret nədə ittiham olunduğu hələlik məlum deyil. Hafiz Babalanın saxlanılması ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hələlik məlumat almaq mümkün olmayıb.
Bir neçə gün əvvəl Hafiz Babalı “Abzas Media” internet nəşrinin fəaliyyəti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində dindirilib. Onun bütün bank hesabları, hətta əlilliyə görə pensiya hesabı da dondurulub.
Babalı yüksək vəzifəli məmurların korrupsiya əməllərilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. O, tədqiqatlarına görə beynəlxalq mükafata layiq görülüb.
Hafiz Babalı polisdə dindirildikdən sonra sosial şəbəkədə yazıb:
“Həmin araşdırmaları hazırlayarkən janrın xüsusiyyətinə uyğun olaraq, peşəkar tədqiqatçı kimi çox vaxt yüzlərlə mənbə və sənədlərlə işləməli olmuşam. O şeyləri ki, prokurorluq “görmür”, mən incəliklərinə qədər yazıb, oxucunun ixtiyarına vermişəm. Sabir demiş: düzü düz, əyrini hamvar. Amma aynaya baxanlar çarəni, deyəsən, onu sındırmaqda görürlər.
Başqa ölkədə yaşasaydım, bu məqalələrə görə dövlət səviyyəsində təşəkkür eşidəcəkdim. Qanunsuz varlananlara qarşı isə cinayət işi açılacaqdı. Azərbaycanda isə nəsibim, gördüyünüz kimi, bunun tam əksidir: hakimiyyət onu tənqid edənləri təqib edir”.
Xatırladaq ki, “Abzas Media” işi üzrə artıq 4 jurnalist həbs olunub: nəşrin direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, müxbir Nərgiz Absalamova.
YouTube kanal rəhbəri hədə-qorxu gəlməklə tələb etmədə ittiham olunur
Dekabrın 12-də Bakının Nərimanov rayon Məhkəməsi “Kanal-11” YouTube kanalının rəhbəri Teymur Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (külli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham irəli sürülüb. Bu haqda jurnalistlərə vəkil Nemət Kərimli bildirib.
Jurnalist ittihamları rədd edir və cinayət işini peşə fəaliyyəti ilə əlaqələndirir. Vəkilin sözlərinə görə, Kərimov polis şöbəsində döyüldüyünü də deyib. Döyülmə ilə bağlı müdafiə tərəfi prokurorluğa müraciət edəcək.
Jurnalist dekabrın 11-də günorta saatlarında saxlanılıb, yalnız bir gün sonra Daxili İşlər Nazirliyi onun cinayət məsuliyyətinə cəlb olunduğunu təsdiqləyib.
Kərimovun həmkarları əmindirlər ki, o, jurnalist fəaliyyətinə, aktual sosial mövzularda və insan haqlarının pozulması haqda reportajlar hazırladığına görə təqib olunur. Son 7 il ərzində o, jurnalist fəaliyyəti ilə bağlı dəfələrlə qısamüddətli həbs və fiziki təzyiqlərə məruz qalıb.
Amnesty International müstəqil mediaya qarşı repressiyalarla bağlı narahatlığını bildirib
Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Azərbaycanda müstəqil mediaya qarşı repressiyaların artmasından narahatlığını bildirib. Təşkilat bu tendensiyanın son nümunəsi kimi “Kanal-11” YouTube kanalının rəhbəri Teymur Kərimovun Bakıda həbsini göstərib.
“Teymur Kərimovun həbsi Azərbaycanda jurnalistlərə və digər tənqidi şəxslərə qarşı saxta ittihamların səsləndirilməsi ilə bağlı narahatedici tendensiyaya uyğundur. Noyabrın sonunda müstəqil nəşr olan “Abzas Media” və “Kanal-13” rəhbərliyinin həbsi ilə başlayan müstəqil mediaya qarşı repressiyaların kəskinləşməsinin şahidi oluruq”, – Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.
O, baş verənləri 2012-2015-ci illərdə vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalarla müqayisə edib.
“Baş verənlər narahatedici şəkildə 2012-2015-ci illərdə müşahidə edilən Azərbaycanda vətəndaş cəmiyyətini məhv edən, tənqidi medianın və ictimai birliklərin bağlanmasına, habelə onlarla hüquq müdafiəçisi və fəala qarşı təqiblərə və əsassız həbslərə səbəb olan müstəqil media və qeyri-hökumət təşkilatlarına qarşı repressiyaları xatırladır”, – Nozadze qeyd edib.