Azərbaycanda internet-televiziya direktoru altı il müddətinə azadlıqdan məhrum edilib
Paylaşmaq
Paylaşmaq
“Kanal-13” internet televiziyasının direktoru Əziz Orucov altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub.
“Kanal-13”-ün icraçı direktoru Əziz Orucov qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittiham olunub. İstintaq ittihamı “Kanal-13”-ün xaricdən maliyyə əldə etməsi və aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməsi üzərində qurulub.
Azərbaycanın Siyasi Məhkumların Müdafiəsi Mərkəzi onun adını siyasi motivlərlə təqib olunanların siyahısına daxil edib.
Orucovun vəkili Cavab Cavadov hökmü absurd adlandırıb və əsassız olduğunu bildirib. O, məhkəmədən Əziz Orucova bəraət verilməsini istəyib.
“Əziz Orucov ittiham olunduğu əməlləri törətməyib. Onu “Qafqaz” Media Araşdırmaları Mərkəzinin maliyyə əməliyyatlarına görə mühakimə ediblər. Amma o, heç vaxt orada rəhbər vəzifə tutmayıb və səlahiyyət sahibi olmayıb, bircə dənə də olsun müqaviləyə imza atmayıb. Bu mərkəzin rəhbəri onun 2014-cü ildən Almaniyada yaşayan qardaşı Anar Orucov olub”, – vəkil deyib.