“Azərbaycansız müzakirələrin aparılması ədalətli deyil”. AŞPA-da Azərbaycan tənqid olunub
Azərbaycanda insan haqları AŞPA-da müzakirə olunub
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) baş tutan müzakirələrdə Azərbaycan hökuməti insan hüquqları pozuntularına, AŞPA ilə münasibətlərin gərginləşdirilməsinə görə tənqid hədəfi olub. Bir neçə deputat isə Azərbaycanla dialoqa çağırıb.
“Azərbaycandan olan həmkarlar olmadan bu mövzuda müzakirənin o qədər də mənası yoxdur”, – serb deputat Bilyana Pantiç Pilya deyib.
- Yaxın Şərq dalanı. Bakıdan baxış
- Keçmiş deputat 8 il müddətinə azadlıqdan məhrum edilib
- COP-29 ərəfəsində Bakıda yeni velosiped zolaqları və dayanacaqları
“COP29-a yaxınlaşdığımız bir vaxt təəssüf ki, son hadisələr yanlış istiqamətə işarə edir”, – “Amerikanın Səsi” xəbər verir ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen debatın açılış nitqində deyib.
Norveçli deputat Azərbaycanın 76 assambleya üzvünü “arzuolunmaz şəxs” elan etməsi, AŞPA-nı son parlament seçkilərinə dəvət etməməklə yanaşı, seçkilərinin demokratik standartlara cavab verməməsini narahatlıqları yenilədiyini vurğulayıb.
Liz Kristoffersen əlavə edib ki, 1 sentyabr seçkiləri müxalif səslərə qarşı davam edən repressiyalar mühitində baş tutub və bu xüsusda Toplum TV, Abzas Media və Kanal 13 jurnalistlərinin, vətəndaş cəmiyyəti nümayəndələri Anar Məmmədli və Akif Qurbanovun, hökumətin tənqidçisi, keçmiş diplomat Emin İbrahimovun, tədqiqatçılar İqbal Əbilov və Bəhruz Səmədovun, iqtisadçı Fərid Mehralızadənin həbsi barədə danışıb.
“Bütün bu hadisələr çox acınacaqlıdır, təzyiqlərin indiyədək görünməmiş səviyyədə olduğu görünür və Assambleya ilə, Avropa Şurası ilə əməkdaşlığı daha da çətinləşdirir”, – Kristoffersen deyib.
“Biz dialoqa hazır olmalıyıq və hakimiyyət orqanlarının Avropa Şurasına daxil olarkən qəbul etdikləri fundamental dəyərləri qorumaq üçün addımlar atmasına dəstək verməliyik. Bununla belə, qarşılıqlı əməkdaşlığımızda və ölkədəki ümumi vəziyyətdə bir irəliləyiş yoxdursa, biz ayıq-sayıq olmalı, dəyərlərimizi qorumalıyıq”, – norveçli deputat yekunda qeyd edib.
Parlament Assambleyasının müzakirədə çıxış edən üzvlərinin əksəriyyəti, o cümlədən iki ən böyük siyasi qrup – Sosialistlər, Demokratlar, Yaşıllar (SOC) və Avropa Xalq Partiyası (EPP) Azərbaycan hakimiyyətini insan hüquqları və demokratiyanın vəziyyətinə, siyasi təqiblərə və AŞPA ilə münasibətlərdə atdığı addımlara görə tənqid edib.
“Demokratiyada seçkilər xalqın iradəsini əks etdirmək üçündür. Bununla belə, Azərbaycanda seçkilər rejimin iqtidarı saxlamaq üçün alətə çevrilib”, SOC sözçüsü, isveçli deputat Azadeh Rohjan deyib.
İsveçrəli deputat Nik Quqqer Azərbaycanın AŞPA deputatlarını “arzuolunmaz şəxslər” elan etməsini pisləyib və EPP adından rəsmi Bakını öz siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
“Biz birinci növbədə qara siyahının ləğvini, Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə ölkəyə giriş qadağasının aradan qaldırılmasını, ikincisi, ayrı-seçkiliyə, siyasi təqiblərə və mətbuat azadlığına məhdudiyyətlərə son qoyulmasını tələb edirik. Bu, Azərbaycan hökumətinin bu qurumun dəyərlərinə və təkliflərinə müsbət münasibət göstərmək istəyinin real sübutu olardı”, – deyə Quqqer vurğulayıb.
Vahid Avropa Solu qrupu adından danışan irlandiyalı deputat Pol Qavan qanuni öhdəliklərinin ciddi pozuntularına görə Azərbaycanın öhdəliklərinə əməl etmədiyi təqdirdə qurumdan kənarlaşdırılması ilə nəticələnə biləcək prosedur başlatmağa çağırıb.
Parlament Assambleyasının Serbiya, Türkiyə və İtaliyadan olan bir neçə üzvü, habelə Mühafizəkarlar siyasi qrupu adından danışan britaniyalı deputat Ser Kristofer Çop Azərbaycan hakimiyyəti ilə dialoqa çağırıb.
“Azərbaycandan olan həmkarlar olmadan bu mövzuda müzakirənin o qədər də mənası yoxdur”, serb deputat Bilyana Pantiç Pilya deyib.
Türk deputat Zeynep Yıldız da Azərbaycan olmadan müzakirələrin keçirilməsini ədalətsiz adlandırıb və “dialoq üçün demokratik və çoxtərəfli mühiti bərpa etmək” naminə Azərbaycanı yenidən AŞPA-ya dəvət etməli olduqlarını qeyd edib.
AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini bu ilin yanvar ayında ratifikasiya etməyib.
Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.
Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.
Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.
Cari debatlar proseduru üzrə keçirilən müzakirələrin sonunda heç bir sənəd qəbul edilməyib.