Azərbaycanın Milli Məclisi aprelin 25-də Mənzil Məcəlləsinə çoxmənzilli evlərdə yaşayış binalarında yaşayış sahəsini mehmana və ya hostel kimi istifadə olunmasına icazə verən dəyişiklik edib.
Sənəddə mehmanxanalar, mehmanxana tipli obyektlər və müvəqqəti yaşamaq üçün nəzərdə tutulan digər obyektlər “yerləşdirmə vasitəsi” adlandırılır və öz statusuna görə yaşayış sahəsi hesab edilir. Mahiyyətcə söhbət hostellərdən, “bed and breakfast” tipli gecələmək üçün ucuz məkanlardan gedir.
Dəyişiklik layihəsinin müəllifi, Parlamentin Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, “bu, turizmin inkişafı üçün kiçik, amma vacib dəyişiklikdir”.
Bu dəyişikliyə Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə etiraz edib. O, hesab edir ki, yaşayış sahələrinin mehmanxana kimi istifadə olunması insanların istirahət hüququnu poza bilər. Parlament Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli həmkarını dəstəkləməyib, bildirib ki, “Turizm haqda” Qanun layihəsi üzərində uzun müddətdir ki, iş gedir, dünya təcrübəsi öyrənilir.
“Biz bilirik ki, Avropada da ayrı-ayrı mənzillər turistlərin yerləşdirilməsi üçün istifadə olunur. Bu layihə Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək”, Rəcəbli deyib.
Deputat Əflatun Amaşov (Mətbuat Şurasının sədri) da təklifi dəstəkləyib və qonşi Gürcüstanın təcrübəsinə istinad edib.
JAMnews bu yaxınlarda Bakıda “mentalitetə uyğun olmaması” bəhanəsilə hostelin bağlanması ilə bağlı qalmaqal haqda yazmışdı.