“Toplum TV işi” üzrə daha bir jurnalist həbs edilib
Azərbaycanda həbslər – “Toplum TV işi”
Azərbaycanda “Toplum TV işi” ilə bağlı daha bir jurnalist həbs edilib. Bu iş üzrə bütün təqsirləndirilən şəxslərə qarşı altı yeni maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onları 12 ilə qədər həbs gözləyir.
- Bakıda Qarabağdakı keçmiş separatçı rejim nümayəndələrinin məhkəmələri başlayır
- İşçi hüquqları müdafiəçisi Afiəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib
- Biz buna dözməməliyik! – “Batumelebi”nin direktoru Mzia Amaqlobelinin həbsi ilə bağlı JAMnews redaksiyasının bəyanatı
Yanvarın 17-də Bakının Xətai rayon Məhkəməsi jurnalist Fərid İsmayılov barəsində 2 ay 20 sutka həbs qətimkan tədbiri seçib. Məhkəmə jurnalistin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorun vəsatətinə baxıb və vəsatəti təmin edib.
Bundan əvvəl elə eyni gün Toplum TV Fərid İsmayılovun saxlanılması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, polis əməkdaşları İsmayılovu səhər saatlarında evində saxlayaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.
Onun otaq yoldaşı Nihad İbrahimxəlilovun da saxlanıldığı bildirilir.
Bundan başqa, həmin gün əvvəllər “Toplum TV işi” ilə bağlı polis tərəfindən saxlanılan Elmir Abbasov da BŞBPİ-yə çağırılıb. Bir neçə saat davam edən dindirmədən sonra o, sərbəst buraxılıb.
Xatırladaq ki, Fərid İsmayılov və Elmir Abbasov 2024-cü ilin martında “Toplum TV işi” çərçivəsində saxlanılıb, sonra məhkəmənin qərarı ilə istintaq müddətinə polis nəzarətinə verilib.
Yanvarın 17-də eyni zamanda “Toplum TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. Bu barədə bu iş üzrə təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.
Onların sözlərinə görə, “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Yeni ittihamlar üzrə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Müdafiə tərəfi irəli sürülən ittihamlarla razılaşmadığını və bu ittihamların heç bir prosessual əsasının olmadığını vurğulayıb.
“Toplum TV işi”
Bu il martın 6-da “Toplum TV” müstəqil onlayn televiziyasının ofisinə polis basqını olub. Həmin vaxt redaksiyanın və “Toplum TV” ilə eyni ofisdə yerləşən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) iş başında olan onlarla əməkdaşı polis idarəsinə aparılıb. Redaksiyanın texniki avadanlıqları və əməkdaşların şəxsi telefonları götürülüb. Ofis möhürlənib. Uzun sürən dindirmədən sonra əksər əməkdaşlar sərbəst buraxılıb.
IDI rəhbəri Akif Qurbanovun ofisində axtarış aparılıb və hüquq-mühafizə orqanlarının məlumatına görə, 30 min avro aşkar edilib.
Martın 8-də “Toplum TV işi” üzrə məhkəmə qarşısına çıxarılan Akif Qurbanov, onlayn televiziyanın əməkdaşları Müşfiq Cabbar, Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev haqda həbs qətimkan tədbiri seçilib, daha iki əməkdaş – Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılaraq polis nəzarətinə verilib.
Elə həmin gün eyni iş üzrə “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucusu Ruslan İzzətli saxlanılıblar.
“Abzas Media işi”ndə olduğu kimi “Toplum TV işi” üzrə həbs olunanlara qarşı da ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yeni ittihamlara qədər bu maddəyə əsasən, onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi.
“Toplum TV” Demokratik Təşəbbüslər İnstitutunun həyata keçirdiyi media layihə çərçivəsində yaradılıb. IDI əsasən gənc peşəkar jurnalistlərin yetişdirilməsi ilə məşğul olub. “Toplum TV” isə Azərbaycanın media məkanında ictimai-siyasi məsələlərin açıq müzakirəyə çıxarıldığı gündəlik və həftəlik verilişləri ilə tanınan onlayn TV formatında fəaliyyət göstərib.