Bu gün “Toplum TV işi” üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.
Bakının Xətai rayon Məhkəməsində jurnalist Şahnaz Bəylərqızının (Hüseynova) həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb.
Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin edərək jurnalistin ev dustaqlığına buraxılmasına qərar verib. O, məhkəmə zalından sərbəst buraxılıb.
Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Ertəsi gün onun barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Şahnaz Bəylərqızı iki azyaşlı uşaq anasıdır və onun səhhətində ciddi problemlər (kəskin formada şəkərli diabet və hipertoniya) var. Daha əvvəl onun ölkədən çıxışına qadağa qoyulub.
“Toplum TV işi” üzrə həbs edilən digər şəxslər kimi, ona da Cinayət Məcəlləsinin 162-1.1 (qanuni qüvvəyə minmiş əmək müqaviləsi bağlamadan işçiləri hər hansı işə cəlb etmə), 192.3.2 (külli miqdarda qanunsuz sahibkarlıq), 193-1.3.1 (qanunsuz əldə edilmiş əmlakın leqallaşdırılması), 193-1.3.2 (…külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb miqyasda), 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma) maddələri ilə təqsirləndirilir.
Bu maddələr üzrə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Şahnaz Bəylərqızı müstəqil internet mediası olan Toplum TV-də ictimai-siyasi verilişin aparıcısı olub. O, bu media orqanının fəaliyyəti ilə bağlı açılmış cinayət işi üzrə şahid qismində bir neçə dəfə dindirilib.
2024-cü ilin mart ayında Toplum TV-nin redaksiyasına polis basqını olub, ofisi möhürlənib, texniki avadanlıqlar götürülüb, həmin vaxt redaksiyada olan bütün əməkdaşlar polis idarəsinə aparılıb. Daha sonra əməkdaşların bir hissəsi sərbəst buraxılıb. 7 nəfər Toplum TV-yə qarşı açılan cinayət işi üzrə həbs edilib, daha iki əməkdaş isə polis nəzarətinə götürülüb. Onlardan biri Fərid İsmayılov 2025-ci il yanvarın 17-də həbs edilib.