Bakıda keçmiş diplomat bıçaqlama ittihamı ilə saxlanılıb
Azərbaycanda həbslər – keçmiş diplomat
Keçmiş diplomat və fəal Emin İbrahimov polis tərəfindən saxlanılıb. O, mübahisə etdiyi şəxsi bıçaqlamaqda ittiham olunur. İbrahimov özü ittihamı rədd edir və bildirir ki, hakimiyyətə qarşı tənqidi fikirlərinə görə cəzalandırılır.
- Azərbaycan Milli Mətbuatının ən çox jurnalist həbsi ilə qeyd olunan 149-cu ili
- İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamaq üçün iki şərti açıqlayıb
- Avqustun 15-dən Azərbaycanda internet qiymətləri artacaq
Emin İbrahimovun yaxınları bildiriblər ki, iyulun 22-də axşam saatlarında o, evə zəng edərək Bakının Nizami rayon Polis İdarəsində olduğunu bildirib.
“Dedi ki, onu saxlayıblar. Güya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu deyib”, – deyə o, yaxınlarına bildirib.
Vəkil Aqil Layıc da məlumatı təsdiqləyib. İbrahimov ona deyib ki, dünən axşam “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında naməlum şəxs ona hücum edib və dərhal mülki geyimli şəxslər peyda olublar.
“Onlar İbrahimovu saxlayaraq Nizami RPİ 24-cü bölməsinə aparıblar. Orada ona qarşı elektroşokerden istifadə olunub ki, o telefonunun kodunu desin”, – deyə vəkil bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də Turana xəbəri təsdiqləyiblər.
Bildirilib ki, 1981-ci il təvəllüd Emin İbrahimovla 1987-ci il təvəllüdlü digər vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb:
“Nəticədə İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”.
Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər yetirmə) maddəsilə cinayət işi qaldırılıb. Bu ittihamla onu 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bir çox vətəndaş cəmiyyəti təmsilçiləri Emin İbrahimovun sərt açıqlamalarına görə şərəndiyi fikrindədirlər. Onlardan biri də Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlıdır.
“Repressiyalar davam edir. Bu gün keçmiş diplomat, Azərbaycanın ABŞ-daki səfirliyində katib, Uruqvay səfirliyində işlər vəkili çalışmış bir şəxsi, Emin İbrahimovu şərləyərək həbs ediblər. Ölkəmizdə nə qədər şərəfli və vicdanlı adam varsa, onlardan biri də Emin İbrahimovdur. Polisin nümayəndəsi də yalan məlumat yayır. Onsuz da onlara inanan yoxdur.
Emin İbrahimov bu gün ölkəmizdə baş verənləri açıq ifadə etməyə cəsarəti çatan az sayda dürüst insanlardan biridir. Cinayətkar – onun həbs sifarişini verənlər, şərləyənlər və həbs edənlərdir”, – deyə Azər Qasımlı sosial şəbəkə hesabında yazıb.
Ötən il sentyabrın 20-də İbrahimova 30 sutka inzibati həbs cəzası verilib. O, həmin vaxt həbsini sosial şəbəkələrdəki paylaşımları ilə izah edib. Fəalın sözlərinə görə, o, müharibənin “Rusiyanın əlinə oynayan siyasət” olduğunu yazdığı üçün cəzalandırılıb.
Həmin dövrdə Emin İbrahimov Amerikanın Səsinə bildirib ki, saxlanılma zamanı zorakılıqla üzləşib:
“Evə icazəsiz mülki geyimli şəxslər basqın elədilər, mənə heç ayaqqabı belə geyinməyə imkan vermədilər. Məni yazdığım tənqidi fikirlərə görə həbs etdilər”.
Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi qazanıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.
2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub.
2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Daha sonra o, diplomatik xidməti tərk edib. Son illərdə Azərbaycan hakimiyyətini, o cümlədən də Qərblə münasibətlərin korlanmasına görə kəskin tənqid edib.