Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Çünki Azərbaycanın hazırkı üçrəngli bayrağı Azərbaycan Demokratik Respublikası dövründə, 1918-ci il noyabrın 9-da təsis olunub.
Azərbaycanda hər bir şagird bayrağın rənglərinin mənasını bilir – mavi türk etnosu (Azərbaycan xalqı türk etnik qrupuna daxildir), qırmızı – demokratik dəyərlər, yaşıl – İslam mədəniyyəti.
Bu bayraq ilk Azərbaycan bayrağı olmayıb, elə 1918-ci ildən sonra da bu bayrağı keşməkeşli günlər gözləyib.
Əvvəlcə ADR-in baniləri Türkiyə bayrağını əsas olaraq götürüblər, sadəcə beşguşəli ulduzu səkkizguşəli ilə əvəz ediblər. 9 noyabrda hazırkı bayraq qəbul edilənə qədər bu variant beş ay mövcud olub.
1920-ci ildə Bakı 11-ci Qızıl Ordu tərəfindən ələ keçiriləndən sonra Azərbaycan sovet respublikası elan olundu. 1921-ci ildə bayrağı yaşıl haşiyə üzərində A.S.S.R. yazılmış (o zaman ərəb əlifbasından istifadə olunurdu) qırmızı bayraqla əvəz etdilər.
1937-ci ildə yazını kiril əlifbasına çevirib, yerini dəyişdilər.
1952-ci ildə bayrağı yenidən dəyişdilər, bu səfər əsas olaraq oraq və çəkicli sovet bayrağı götürüldü.
Və nəhayət, Sovet İttifaqı dağılandan sonra 1991-ci il fevralın 5-də müstəqil Azərbaycan yenidən ilk respublikanı yaradanların düşünüb hazırladığı üçrəngli bayrağını geri qaytardı.