Azərbaycanda din təqib olunurmu? ABŞ Dövlət Departamenti cavablayır
Paylaşmaq
Paylaşmaq
Azərbaycan hakimiyyəti dini fəalları təqib edir – ekspertlər və hüquq müdafiəçiləri belə hesab edir. Contact.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosunun bu günlərdə açıqlanan illik hesabatında deyilir.
Ekspertlərin hesablamalarına görə, 2017-ci ilin sonuna qədər dini görüşlərinə görə 80 nəfər həbs olunub. Onlardan çoxu 2015-ci ildə Bakı ətrafındakı Nardaran qəsəbəsində baş verən hadisələr zamanı həbs olunan Müsəlman Birliyi Hərəkatının liderləri və digər fəallardır.
2015-ci ilin noyabrında Nardaranda Müsəlman Birliyi Hərəkatının üzvləri və polis arasında toqquşmalar baş verib və yeddi nəfərin ölümü ilə yekunlaşıb.
Azərbaycanlı ekspertlər bağlanmış bəzi məsçidlər və dini ədəbiyyatın ölkəyə gətirilməsi və yayılması üzərindəki nəzarət haqda da bildirirlər. Amma qeyd edirlər ki, bununla belə hökumət ölkədə dini tolerantlığı dəstəkləyir.
Ümumilikdə, ekspertlərin fikrincə, Azərbaycan cəmiyyəti və hökumət ənənəvi dini qruplara (müsəlmanlar, xristianlar, iudailər) qarşı tolerantdır, qeyri-ənənəvi qrupları (islamın müxtəlif cərəyanları, baptistlər) isə şübhə və potensial təhlükə mənbəyi kimi qəbul edir.
Azərbaycan əhalisinin əksəriyyətinin dini mənsubiyyəti islamdır. Qanunvericiliyə əsasən, Azərbaycan dünyəvi dövlətdir, yəni burada din tamamən dövlətdən ayrılıb. Azərbaycan Konstitusiyası ictimai nizama və ya mənəviyyata zidd olmadığı müddətcə din azadlığına zəmanət verir.