Azərbaycan Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib
Fevralın 26-da Azərbaycan Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunub. 1992-ci ildə həmin gün Ermənistan qoşunları Dağlıq Qarabağda Xocalı qəsəbəsinə hücum edib. Kütləvi qırğın nəticədə 613 nəfər həlak olub, 150 nəfər itkin düşüb, daha 1275 nəfər əsir götürülüb.
- Rusiya Qarabağda nəyə nail olmağa çalışır? – Bakıdan şərh
- Azərbaycanlılar Xocalıya və ya ermənilər Hadruta necə qayıtsın?
Minlərlə insan Bakıda “Ana fəryadı” abidəsinin qarşısına gələrək faciə qurbanlarını yad edib. Onların arasında qanlı hadisələrin canlı şahidləri də az olmayıb.
Axşam saat 17:00-da bütün ölkə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıb.
“Biz Xocalıya qayıdacağıq”
Fevralın 26-da yerli və xarici KİV nümayəndələrinin iştirakı ilə böyük mətbuat konfransı zamanıAzərbaycan prezidenti İlham Əliyev bildirib ki, “biz Xocalıya qayıdacağıq və bu məsələdə başqa yol yoxdur”.
“Hələ müharibənin yaraları sağalmayıb. Xocalı yarası isə heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün zamana ehtiyac var. Biz bunu anlayırıq və heç kimi tələsdirmək istəmirirk”, – o qeyd edib.
Nə baş verib?
Xocalıda baş verənlərlə əlaqədar Azərbaycan və Ermənistan tərəflərinin versiyaları olduqca fərqlidir.
Ümumi dəyərləndirmə
Azərbaycanda Xocalı qətliamını azərbaycanlılara qarşı soyqırım və bəşəriyyətə qarşı cinayət adlandırırlar. “Xocalı üçün ədalət” kampaniyası Azərbaycan tərəfindən dünyanın müxtəlif ölkələrində “informasiya müharibəsi” çərçivəsində həyata keçirilir.
Ermənistanda hadisələrin Azərbaycan versiyasını çox şişirdilmiş hesab edirlər və düşünürlər ki, bu hərbi cinayəti təxribat məqsədilə azərbaycanlılar özləri törədiblər.
Faciəyə gətirib çıxarmış amillər
Ermənistanda ittihamlara cavab olaraq bildirirlər ki, dinc əhalinin geri çəkilməsi üçün dəhliz saxlanmışdı (Ağdama gedən dəmir yolu boyunca) və hücumdan əvvəl bununla bağlı səsgücləndiricilərlə elan edilmişdi. Şahid ifadələri var ki, bəzi xocalılılar həmin dəhlizlə heç bir maneə olmadan çıxıb gediblər.
Azərbaycanda buna cavab olaraq deyirlər ki, sakinlərdən az qala heç birinin həmin dəhliz haqqında məlumatı olmayıb. “Human Rights Watch” da öz hesabatında yazır ki, rəyi soruşulan şahidlərdən heç biri bu dəhliz haqında məlumatlı olmayıb.
Dinc sakinlərin təxliyəsi məsələsi daha az hallarda müzakirə olunur – axı onların böyük hissəsi hücuma qədər şəhərdən çıxarılmışdı. Həmin vaxt Xocalıda təxminən üç min nəfər yaşayırdı.
Faciənin təfərrüatları
Azərbaycanda hesab edirlər ki, köməksiz dinc sakinlər erməni hərbçilər tərəfindən işgəncə verilərək, qəddarcasına qətlə yetiriliblər. Buna sübut olaraq məşhur reportyor Çingiz Mustafayevin qeydə aldığı videoyazı nümayiş etdirilir.
Ermənistanda buna cavab olaraq bildirirlər ki, Mustafayevin videoçəkilişi hadisələrdən müəyyən müddət sonra edilib və Azərbaycanın nümayiş etdirməkdən imtina etdiyi birinci yazı da mövcuddur, həlak olanların meyitlərini isə vəhşi heyvanlar, yaxud da azərbaycanlılar özləri təxribat məqsədilə eybəcərləşdirə bilərdilər.
“Human Rights Watch” öz araşdırmasında yazır:
«Geri çəkilən iyirmiyə yaxın müdafiəçi ilə birlikdə sakinlər kütlə şəklində erməni silahlı qüvvələrinin əlinə keçmiş şəhərdən qaçırdı. Onlar Azərbaycanla sərhədə yaxınlaşarkən erməni silahlı postuna tuş gəliblər və qəddarcasına güllələniblər».
Britaniyalı jurnalist Tomas de Vaal da özünün “Qara bağ” kitabında yazır ki, xocalılılarla birlikdə şəhəri Xocalı hava limanının mühafizəçiləri də tərk etməyə çalışıblar və onlar cavab atəşi açmağa cəhd edərkən dərhal öldürülüblər.
Xocalı hadisələrinə reaksiya
Azərbaycanlıların Xocalı qətliamını müstəqil şəkildə təşkil etdikləri ilə bağlı ittihamlara cavab olaraq Azərbaycanda Ermənistanın keçmiş baş nazirindən, o vaxtkı müdafiə naziri Serj Sarkisyandan sitat gətirirlər:
«Mən fikirləşirəm ki, əsas məsələ tamam başqa idi. Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu [stereotipi] sındırmağı bacardıq. Bax, bu baş verdi. Onu da nəzərə almaq lazımdır ki, həmin oğlanların arasında Bakıdan və Sumqayıtdan qaçan insanlar da var idi».
Ermənsitanda isə, öz növbəsində, Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibova istinad edərək iddia edirlər ki, o, Rusiyanın “Nezavisimaya qazeta”sına müsahibəsində qətliamın törədilməsində Azərbaycan müxalifətini ittiham edib. Mütəllibovun özü bunu qəti şəkildə inkar edir.
Birinci Qarabağ müharibəsi – 1991-1994-cü illərdə ermənilərlə azərbaycanlılar arasında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin və onu əhatə edən rayonların ərazisində baş vermiş silahlı münaqişədir.