Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşların azad toplaşmaq hüququnun pozulmasına görə 13 500 avro cərimə ödəyəcək. Altı müxalifətçi bu şikayətlə Avropa Məhkəməsinə müraciət edib. Onların kütləvi aksiya keçirmək haqları üç dəfə rədd edilib.
Oktyabrın 6-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətinin cavabdeh olduğu üç iş üzrə qərarını elan edib.
Altı müxalifətçi Azərbaycana qarşı
“İctimai Palata” adlı müxalifət birliyinin altı nəfər keçmiş üzvü Azərbaycan hakimiyyətinin onların kütləvi aksiya keçirməklə bağlı müraciətlərini üç dəfə rədd etməsi səbəbilə AİHM-ə şikayət ünvanlayıb.
Şikayətçilərin fikrincə, onların Avropa Konvensiyasının 11-ci maddəsində əks olunmuş azad toplaşmaq hüquqları pozulub və onların müraciətinin rədd edilməsi ölkənin müvafiq qanununa da ziddir. Ərizəçilər həmçinin onların söz azadlıqlarının və ədalətli mühakimə hüquqlarının pozulması hallarının araşdırılmasını da istəyiblər.
AİHM belə qərara gəlib ki, bu halda ərizəçilərin azad toplaşmaq hüquqları pozulub. Şikayətin digər müddəaları üzrə məhkəmə təfərrüata varmamaq qərarına gəlib.
AİHM-in qərarı ilə Azərbaycan hökuməti hər bir ərizəçiyə 4500 avro kompensasiya ödəməli olacaq. Bu qərar özündə üç ərizə üzrə hökmü birləşdirir: “Mustafa Hacıbəyli, Hüseyn Malikov və Rafiq Daşdəmirov Azərbaycana qarşı”, “Tofiq Yaqublu və Rafiq Manaflı Azəraycana qarşı” və “Gülağa Aslanlı Azərbaycana qarşı”. Azərbaycan hökuməti ümumilikdə 13 500 avro kompensasiya ödəyəcək.
Məhkəmə qərarında həmçinin qeyd olunub ki, hər bir ərizəçiyə hüquqi xidmətlərə görə əlavə 1500 avro həcmində kompensasiya da ödənməlidir.