“Konstitusiya baryerini aşmaq olar” Bakıdan baxış
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi
Bu gün Bakıda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yeganə maneə kimi Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi zərurəti göstərilir.
Azərbaycan Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin (CSSC) ekspertlərinin fikrincə, Ermənistan tərəfi rəsmi Bakının bu tələblərini rəsmən əsaslı hesab etsə, sülh müqaviləsinin qüvvəyə minməsi Britaniya və İrlandiya arasındakı Belfast sazişinin nümunəsi ilə baş verə bilər.
- Avropa Məhkəməsi bloklanmış 4 mediaya görə Azərbaycanı cərimələdi
- “Abzas Media” əməkdaşlarının həbs müddəti uzadılıb
- Paşinyan: “Biz KTMT-dən çıxacağıq, başqa yol yoxdur”
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, burada natamam, gələcək üçün mina və hansısa ikibaşlı məqam saxlanılmamalıdır. Dayanıqlı və substantiv sülh üçün müqavilənin mətni heç bir şəkildə başqa cür tövsif edilməyəcək, aydın və birmənalı olmalı, əks təqdirdə imzalanmamalıdır”, – CSSC-nin analitik materialında deyilir.
Azərbaycanlı ekspertlərin fikrincə, 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərinə qədər Qərbin və Ermənistanın “Qarabağ ermənilərinin təhlükəsizliyi üçün beynəlxalq qarantiyalar” tələb etməsi, Rusiyanın sülh müqaviləsini imzalayıb “Qarabağ məsələsinin həllinin gələcək nəsillərə saxlanılması” təklifi vardı. Bununla onlar məsələni gələcək üçün açıq saxlamağa çalışırdılar:
“Ancaq ölkəmiz istədiyi formada sülh üçün 1-ci mərhələdə hərbi-diplomatik yollarla Qarabağ mövzusunu müqavilə mətnindən çıxarmağa nail oldu. Azərbaycan o zaman nə diplomatik hiylələrə uydu, nə də bu cür şərtləri qəbul etməyi tələb edən təzyiqlər qarşısında geri çəkildi.
2-ci mərhələdə əsas maneə Ermənistan Konstitusiyası və qanunvericiliyidir ki, ölkə başçısı Yerevan tərəfindən müvafiq dəyişiklik edilməyəcəyi təqdirdə sülh müqaviləsinin imzalanmayacağı ilə bağlı qəti mövqeyini ortaya qoydu.
Biz yenə də Ermənistan və ona dəstək verənlər tərəfindən 1-ci mərhələdə olduğu kimi Azərbaycanın əsaslı və haqlı tələbi nəzərə alınmadan tələsik sülh sazişinin imzalanması cəhdlərini görürük.
Ermənistan iddia edir ki, Konstitusiya daxili məsələdir, maneə deyil. Həqiqət isə budur ki, ən yaxın tarixdə müxtəlif ölkələrin təcrübəsində imzalanan beynəlxalq sənədlərin ölkələrin daxili qanunvericiliyinə uyğun gəlmədiyi əsas gətirilərək imzaların geri çəkildiyini dəfələrlə görmüşük.
Bu baxımdan imzalanan sülh müqaviləsinə müvafiq daxili qanunvericiliyin uyğunlaşdırılmasının ən yaxşı və son nümunəsi kimi 1998-ci il 10 apreldə Britaniya ilə İrlandiya hökuməti arasında Belfast razılaşmasını göstərmək olar”.
Problemin mahiyyəti nədir?
Ermənistan Konstitusiyasının giriş hissəsində deyilir:
“Erməni xalqı Ermənistan dövlətçiliyinin fundamental prinsiplərinə və Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq, öz azadlıqsevər əcdadlarının suveren dövlətçiliyin bərpası ilə bağlı müqəddəs əhdinə əməl edərək, dövlətçiliyin möhkəmlənməsinə və inkişafına sadiqdir. Vətənin azadlığını, ümumi rifahı, nəsillər üçün vətəndaş harmoniyasını təmin etmək, onun ümumbəşəri dəyərlərə sadiqliyini təsdiqləmək naminə Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”.
Burada 1990-cı il avqustun 23-də qəbul edilmiş və Azərbaycana qarşı birbaşa ərazi iddialarının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olunur.
Həmin Bəyannamənin birinci bəndi aşağıdakı kimidir:
“Ermənistan SSR Ali Soveti Ermənistan xalqının vahid iradəsini ifadə edərək, Ümumdünya Bəyannaməsinin prinsiplərinə əsaslanaraq, bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edir. Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “İnsan hüquqlarının müdafiəsi haqqında” birgə qərarı əsasında xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirən beynəlxalq hüququn hamılıqla tanınmış normaları haqqında “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi”, 1918-ci il mayın 28-də demokratik, hüquqi cəmiyyət yaratmaq məqsədi ilə yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək bəyan edir: müstəqil dövlətçiliyin təsdiqlənməsi prosesinin başlanğıcı”.
Belfast razılaşması nümunə kimi
“Bir çox məqamlara görə fərqli kontekst və tərkib olsa da, Belfast razılaşması sırf daxili qanunvericiliklə bağlı sülh prosesinə maneənin necə aradan qaldırılması baxımından maraqlıdır. 10 aprel razılaşmasına əsasən 22 may 1998-ci ildə İrlandiyada keçirilən referendumla 1937-ci ildə qəbul edilmiş konstitusiyanın 2 və 3-cü maddələri dəyişdirildi.
Həmin maddələr İrlandiya dövləti qarşısında bütün adada vahid İrlandiya dövləti yaratmaq məqsədi qoyurdu. Belfast razılaşmasının 4-cü maddəsinə əsasən, bu razılaşma yalnız sazişə əlavə edilən sənəddə göstərilən Konstitusiyaya dəyişikliklə bağlı İrlandiyada referendum tələbi həyata keçirildikdən sonra 1999-cu il dekabrın 2-də qüvvəyə mindi.
Bizim kontekstimizdə Ermənistan Konstitusiyasına ediləcək dəyişiklik üçün referendumun keçirilməsi və sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi razılaşma əsasında fərqli zaman intervallarında ola bilər. Bunun üçün isə Ermənistan Konstitusiyasından Qarabağın anneksiyası qərarının çıxarılmasının zəruriliyi əvvəlcə rəsmən qəbul edilməli, daha sonra isə hansısa sənəddə öz əksini tapmalıdır. Ola bilər ki, Belfast razılaşmasında olduğu kimi bu məsələ sülh müqaviləsinin mətninə salına və müqavilə imzalana bilər”.
Problem və nəticə
“Belfast nümunəsi tətbiq olunarsa sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi üçün məsuliyyət tam olaraq Paşinyan hökumətinin, erməni ictimaiyyətinin və bu ölkəni dəstəkləyənlərin üzərinə düşəcək.
İlk növbədə Paşinyan hökuməti deyil, erməni cəmiyyəti İrlandiya xalqı kimi sülh müqaviləsinin qüvvəyə minməsi üçün referendumda qərar verməlidir.
Digər tərəfdən Paşinyan hökumətinin üzvlərindən hər biri Konstitusiyadan müvafiq məqamların çıxarılmasında maraqlı olmalıdır. Belə ki, artıq revanşistlər Paşinyan hökumətini Ermənistan torpaqlarını Azərbaycana verərək Konstitusiya əleyhinə cinayətdə ittiham edirlər. Buna görə də, Paşinyan hökuməti Ermənistan Konstitusiyasından müvafiq məqamları çıxarmalıdır ki, gələcəkdə “Konstitusiya əleyhinə addımlarına” görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinlər”.