Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonlara görə 5 milyard dollarla bağlı qalmaqal davam edir
Ermənistanda Azərbaycan tərəfinin Dağlıq Qarabağ ətrafəndakı rayonları satın almaq cəhdilə bağlı qalmaqallı olay yenidən müzakirə olunur. İndi Azərbaycanın DQ ətrafındakı 7 rayona görə baş nazir Nikol Paşinyana 5 milyard dollar ödəməklə bağlı təklifi haqda informasiya yayılıb. Daha əvvəl eyni təklifin prezident İlham Əliyev tərəfindən Ermənistanın keçmiş lideri Serj Sarqsyana edildiyi müzakirə olunurdu.
Söhbət 1990-cı illərin əvvəllərində birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan tərəfinin nəzarətinə keçən və burada “təhlükəsizlik zolağı” hesab edilən rayonlardan gedir. 2020-ci ilin payızında baş verən ikinci Qarabağ müharibəsi nəticəsində bu rayonlar Azəfrbaycanın nəzarəti altına qayıdıb.
Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın eks-prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan bildirib ki, 2018-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycan tərəfindən DQ ətrafındakı yeddi rayonun satın alınması ilə bağlı təklifin olduğu zərf təqdim olunub.
Minasyanın sözlərinə görə, bağlı zərf Azərbaycanın xüsusi xidmət orqanının rəhbəri tərəfindən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana verilib. Vanetsyan da zərfi baş nazir Nikol Paşinyana ötürüb.
Hadisələrin bilavasitə iştirakçısı – keçmiş MTX rəhbəri azərbaycanlı həmkarı ilə təmasda olması faktını artıq təsdiqləyib.
Olayın bütün təfərrüatları.
- Ermənistanın baş naziri seçki keçirələnə qədər istefaya getmək niyyətində deyil
- Daha əsir yoxdur? Azərbaycan və Ermənistan “hamını hamıya” dəyişdiklərini bildiriblər
- Azərbaycanın “Ermənistanın tarixi torpaqları” ilə bağlı ideyası Yerevanda və Moskvada etiraza səbəb olub
Keçmiş MTX rəhbərinin şərhi
“Qraparak” qəzetinə müsahibəsində Artur Vanetsyan xatırladıb ki, 2018-ci ildən Ermənistan və Azərbaycan arasında Ermənistan-Azərbaycan sərhədində gərginliyin qarşısının alınması üçün operativ əlaqə yaradılmışdı. 2018-ci ilin sentyabrında baş nazir Nikol Paşinyanın özü də deyib ki, İlham Əliyevlə Düşənbə görüşünün yekununda belə razılaşma əldə edilib.
Vanetsyanın sözlərinə görə, bu əlaqə onun və daha bir dövlət məmurunun vasitəsilə həyata keçirilib:
“Operativ əlaqə çərçivəsində mən vaxtaşırı olaraq Azərbaycan nümayəndələri ilə görüşmüşəm, o cümlədən də Dubayda. Bu təmasların gedişində mən çoxlu məlumat alırdım və Paşinyana çatdırırdım, bu təmaslar haqda isə Təhlükəsizlik Şurasının bütün üzvləri bilirdi”.
Vanetsyan bu görüşlər zamanı danışıqların məzmununu açıqlamaqdan imtina edib, çünki bu informasiyanı xidməti vəzifəsini yerinə yetirdiyi zaman alıb.
Amma Ermənistanın xüsusi xidmət orqanının keçmiş rəhbəri israrla bildirib ki, xalqın maraqlarına görə baş nazir Paşinyan mütləq vəzifədən getməlidir.
Vanetsyan 2018-ci ilin mayında, Paşinyanın liderliyi altında baş tutan “məxməri” inqilabdan sonra Milli Təhlükəsizlik Xidmətinə direktor təyin edilib. 2019-ci ilin sentyabrında o, baş nazir Paşinyanın təqdimatı ilə istefaya göndərilib. Bundan sonra Artur Vanetsyan siyasətə qatılıb və müxalif “Vətən” partiyasını yaradıb.
İndi bu partiya Qarabağda ərazilərin Azərbaycana könüllü şəkildə təhvil verilməsi haqda “xəyanətkar sənədi” imzalayan baş nazirin istefasını tələb edən 17 müxalif qüvvə sırasındadır.
Noyabrın 14-də Artur Vanetsyan baş nazir Nikol Paşinyanın qətlinin hazırlanması şübhəsilə saxlanılıb. Amma səhəri gün məhkəmənin qərarı ilə azad edilib.
Əliyevin Sarqsyana təklifi haqda
Bu yaxınlarda “Bagramyan 26” Telegran kanalında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Belarus lideri Aleksandr Lukaşenko ilə 2016-cı il oktyabrın 14-də baş tutan danışığın səs-yazısı yayılıb.
Səs yazısında Belarus prezidenti bildirir ki, Azərbaycan prezidenti Dağlıq Qarabağ ətrafındakı yeddi rayona görə beş milyard dollar ödəməyə hazırdır. Serj Sarqsyan buna cavab olaraq deyir ki, bu ərazilərdən imtina etməsi üçün Əliyevə altı milyard ödəyə bilər.
Eks-prezident Sarqsyanın ofisi “iclasın qapalı formatında” baş tutan danışığı şərh etməkdən imtina edib, amma səsyazısının həqiqiliyini inkar etməyib.