Azərbaycan referenduma hazırlaşır
Müxalifət və beynəlxalq təşkilatlar avqustun ortalarından etibarən Azərbaycan hakimiyyətinin 26 sentyabrda keçiriləcək referendum ərəfəsində yenidən siyasi repressiyalara başladığını bildirir.
“Hələ ki nə görüşə bilmişəm, nə dərman və yemək ötürməyə icazə veriblər, nə telefon zənginə. Fuadın bu hüquqları da həyasızcasına pozulur, başqaları kimi. Yaradanın və dostların dəstəyinə ümid edirəm, – avqustun 30-da Xalq Cəbhəsi Partiyasının gənc fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədov öz “Facebook səhifəsində yazır.
Onun oğlu avqustun 18-də işlədiyi mobil operatorun istifadəçilərinin şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməkdə ittiham olunaraq həbs edilib. Vəkili Asabəli Mustafayev Əhmədlinin səhhətinin ağırlaşdığı haqda xəbər verib. Fuad az əvvəl bir neçə cərrahi əməliyyat keçirib. Hazırda o, Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır, vəkili isə onun saxlanma şəraiti daha yaxşı olan 1 saylı Müvəqqəti Təcridxanaya köçürülməsi üçün çalışır.
Yeni həbs dalğası avqustun 12-dən 13-nə keçən gecə başladı, bu zaman maliyyə cinayətləri ittihamı ilə ReAl partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli saxlanıldı.
Avqustun 13-də NİDA partiyasının gənc fəalı Elgiz Qəhrəmanlı həbs olundu.
Avqustun 15-də gənc fəallar Elşən Qasımov və Toğrul İsmayılov saxlanıldılar.
İctimai fəal və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev saxlanılaraq, cərimə olundu.
Avqustun 19-da AXCP üzvləri Məsud Rzalı və Qədim Bəkirov həbs edilib.
Avqustun 20-də müxalif “Azadlıq qəzetinin maliyyə direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirov həbs edilib. Onu dini qarşıdurma yaratmaqda və dini ayinlərin həyata keçirilməsi adı ilə vətəndaşların hüquqlarını pozmaqda ittiham edirlər.
Avqustun 28-də Elçin Şərifzadə, Mehman Hüseynov və Məsud Əsgər saxlanılıb. Onları elə həmin gün buraxıblar.
Müxalifət və hüquq müdafiəçiləri çox sayda pozuntulardan danışır. Vəkil Elçin Sadıqov bildirir ki, həbs günündən indiyə qədər müdafiə etdiyi Natiq Cəfərli ilə görüşə bilmir. Bundan başqa, onun sözlərinə görə, Baş Prokurorluq rəsmi bəyanatında Cəfərlini günahkar adlandıraraq, təqsirsizlik prezumpsiyasını pozub.
Bir sıra beynəlxalq təşkilat Bakıdakı həbsləri yeni repressiya dalğası kimi qiymətləndirib.
“Beynəlxalq ictimaiyyət bu repressiyaları dayandırması və Avropa Şurasının üzvü kimi öz öhdəliklərinə əməl etməsi üçün hökumətə təzyiqlərə başlamalıdır, – “Sərhədsiz Reportyorların bəyanatında vurğulanır.
“Konstitusiya referendumuna altı həftə qalmış Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasına başlayıb, Beynəlxalq QHT Koalisiyasının bəyanatında deyilir.
“Azərbaycanda vətəndaş fəallarına qarşı yeni repressiya dalğası başlayıb. Belə ki, avqustun 12-də bir neçə gənc fəal həbs olunub, Human Rights Watch təşkilatının bəyanatında deyilir.
Freedom House təşkilatı da həbsləri qarşıdan gələn referendumla əlaqələndirib.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklər prezidentin səlahiyyətlərinin artırılmasına yönəlib. ReAl, Müsavat, AXCP və bir sıra digər partiya və ictimai təşkilatlar hesab edirlər ki, konstitusiyaya düzəlişlərin edilməsi avtoritarlığın güclənməsinə gətirib çıxaracaq.
Müsavat partiyası MSK-ya özünün təşviqat qrupunun yaradılması ilə bağlı müraciət edib və rədd cavabı alıb.
ReAl partiyası isə ilk olaraq təşviqat aparmaq üçün MSK-da qeydiyyatdan keçsə də, həbslərdən sonra kampaniyada iştirakdan imtina etdiyini açıqlayıb. Partiyanın bildirildiyinə görə, ReAl üzvlərinin yaymalı olduğu 100 000 nüsxə flayer də polis tərəfindən müsadirə edilib. Bununla belə, partiyanın İdarə Heyətinin üzvü Azər Qasımlının sözlərinə görə, ReAl keçiriləcək referendumu tanımır və nəticələrini də legitim saymayacaq.
MSK cəmi 2 təşəbbüs qrupunu qeydiyyatdan keçirib: ölkənin bələdiyyələri tərəfindən yaradılmış “Bələdiyyə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən yaradılmış “Vətəndaş cəmiyyəti.
Əvvəllər də olduğu kimi, xarici tənqidçilərə cavab verərkən, hakimiyyət suveren dövlətin işlərinə xarici müdaxiləyə etiraz mövqeyi tutur. “Azərbaycanın apardığı daxili və xarici siyasət göstərir ki, ona qarşı aparılan qərəzli yanaşmaların heç bir nəticəsi olmayacaq. Ölkəmiz heç bir dövlətin nəzarəti altında deyil və bundan sonra da olmayacaq, – Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AZƏRTAC dövlət informasiya agentliyinə deyib. Onun sözlərinə görə, “Qərb dairələri, beynəlxalq qurumlar və dövlətlər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər.
“Bu cür addımlar, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri heç vaxt nəticə verməyəcək. Azərbaycana qarşı bu ikili standartlardan əl çəkmək lazımdır, – deyə Məmmədov bildirib.
Dərc olunub: 10.09.2016