Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin qurbanları yad edilib.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə müstəqillik uğrunda xalq hərəkatını yatırmaq və fövqəladə vəziyyət tətbiq etmək üçün Bakı və Azərbaycanın bəzi digər şəhərlərinə sovet ordusunun qoşunları yeridilib.
Faciə SSRİ-də yaşanan böhran, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında münaqişənin eskalasiyası və sovet hakimiyyətinin Qarabağ münaqişəsində mövqeyinin doğurduğu narazılığın artması fonunda baş vermişdi.
Bütün bunların qarşısını almaq üçün Bakıya qoşun yeridildi.
Rəsmi məlumata əsasən, həmin gecə 147 nəfər dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
1994-cü ildə müstəqil Azərbaycanın Baş Prokurorluğu SSRİ prezidenti Mixail Qorbaçov da daxil olmaqla bir neçə yüksək vəzifəli sovet məmurunu faciədə günahkar elan etdi. Amma faktla bağlı heç kim cəzalandırılmayıb.
20 yanvar Azərbaycanda matəm günü kimi qeyd edilir. Həmin gün ölkənin rəsmi şəxsləri, diplomatlar və sadə vətəndaşlar Şəhidlər Xiyabanına gələrək faciədə həlak olanların xatirəsini yad edirlər.
Azərbaycan XİN-in bəyanatı
“Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır”, – Xarici İşlər Nazirliyinin faciənin 32-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatda deyilir.
Bəyanatda “bu cinayətə görə məsuliyyətin bilavasitə ümummilli hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini sındırmaq məqsədi güdən sovet rəhbərliyinin üzərinə düşdüyü” vurğulanıb.
“Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi dövlətçiliyimizin təməlini təşkil edir və bu təməl prinsiplərin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir. Dövlətimizin müstəqilliyinə və bütövlüyünə qarşı ola biləcək hər hansı təhdidlər bundan sonra da tərəfimizdən qətiyyətlə cavablandırılacaq və Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaqdır”, – Azərbaycan XİN-in bəyanatında deyilir.