Martın 5-də Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri başa çatıb. Səfər əsnasında Əliyev İranın dini rəhbəri Xamaneyi və İİR-ın prezidenti Ruhani ilə görüşüb.
İqtisadi sahədə, o cümlədən maliyyə nəzarəti sahəsində və qonşu ölkələrin dəmiryoluidarələrinin əməkdaşlığına dair bir neçə sənəd imzalanıb.Azərbaycan Rəşt-Astara dəmiryolu xəttinin inşasında iştirak edəcək.
İran prezidenti Ruhani bildirib ki, avtomobil hazırlanması sahəsində ikitərəfli əməkdaşlıq uğurla inkişaf etdirilir. “Bugünkü görüşdə Xəzərin ekologiyası və neft yataqlarından birgə istifadə məsələləri müzakirə olunub”.
Qarabağ probleminə toxunan İran prezidenti aşağıdakıları bildirib: “Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmət edirik. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Münaqişələr müzakirələr yolu və siyasi yolla nizamlanmalıdır”, – AzərTac Dövlət İnformasiya Agentliyi xəbər verir.
Azərbaycan politoloqu, “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bu səfər Azərbaycan-İran münasibətlərinə heç bir dəyişiklik gətirməyib.
“Son üç il ərzində İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir. Ortada böyük layihələr, dəmiryolu xəttinin inşası var. Amma çox təəssüf ki, bunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı demək olmaz. Çünki İranın baxışında heç bir dəyişiklik yoxdur”, – Şahinoğlu Azadlıq Radiosuna deyib.
Sosial şəbəkə istifadəçilərindən biri Azərbaycan prezidenrinin İrana səfəri “Səfər xətrinə səfər” adlandırıb: “İran azərbaycanlılarının hüquq və azadlıqlarının pozulması ilə bağlı söhbət olmayıb. Dostluq və əməkdaşlıq haqda növbətçi sözlər. Əgər sabah Ermənistan prezidenti ora getsə, o, mütləq erməni diasporunun nümayəndələrilə görüşəcək və onların problemlərini həll etməyə çalışacaq”.