Azərbaycan prezidenti küçədə mal kəsməyi qadağan edib – buna qədər heç bir tədbirin köməyi olmurdu
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda indən belə xırda və iri mal yalnız xüsusi ayrılmış yerlərdə kəsiləcək. Azərbaycan prezidenti İlham Əliyev dünən bununla bağlı sərəncam imzalayıb.
İndiyə qədər bu məsələni yerli icra hakimiyyətləri və sanitar xidmətlər səviyyəsində həll etməyə çalışırdılar, bir neçə həll yolu və qadağalar qəbul olunmuşdu, amma təcrübədə bunlara heç kim əməl etmirdi. Nəticədə Bakı və digər şəhərlərin küçələrində mal kəsilməsi problemi kəskin olaraq qalır. Bir çox kənar rayonlarda yol qıraqlarında, hətta məktəblərin və uşaq bağçalarının lap yaxınında təzə ət satan kiçik dükanlar fəaliyyət göstərir. İnəkləri və qoyunları küçədəcə, yoldan ötənlərin gözü qarşısında və əksər hallarda heç bir sanitar qaydaya əməl etmədən kəsirlər.
Prezident sərəncamı məhz buna son qoymalıdır. Ətin küçələrdə qanunsuz yolla kəsilməsi və satışı qadağan olunacaq. Bu səfər məmurların vəd etdiyi kimi mütləq qaydada.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə bildirib ki, yerli icra orqanlarına malın harada kəsilməsini müəyyən etmək tapşırılıb. İki ay ərzində bütün bu “ətçilik özfəaliyyəti” sona çatmalı və onları normal qəssabxanalar əvəz etməlidir. Gələcəkdə bu qəssabxanaları laboratoriya ilə təchiz etmək nəzərdə tutulub.
Artıq mövcud olan qəssab məntəqələri monitorinq və sanitar-gigiyenik nəzarətə məruz qalacaq və yalnız bütün normalara cavab verənlər işinə davam edə biləcək.
Bu mövzu artıq dəfələrlə mətbuatda da, forumlarda da qaldırılıb – insanlar uşaqlarının hər gün malın parçalanması səhnəsini izləməyə və qan gölməçələri üzərindən keçməyə məcbur olduğu üçün qəzəblənirdilər.
Azərbaycanın ən populyar forumundan bir neçə şərhi təqdim edirik:
“Küçənin ortasında mal kəsmək orta əsrlərə aiddir və şəhərimiz üçün biabırçılıqdır, heç olmasa bu yerləri hasarlayardılar”;
“Bizim rayonda məktəbə çatana qədər nələrə rast gəlmirsən: inək başları, qoyunlar… fu, iyrəncdir”;
“74 saylı məktəbin yanında ət dükanı var, hər səhər uşaqlar məktəbə gedən vaxt orada heyvan kəsirlər. Mənə çox maraqlıdır, dünyanın başqa hansı ölkəsində belə şey görmək mümkündür?”
Hərçənd “müstəqil qəssabların” müdafiəsinə qalxanlar da olub:
“Şəhərdə əti öz keflərindən kəsmirlər, ona görə kəsirlər ki, ətdən başı çıxan adamlar kəsilərək dükana gətirilən əti heç vaxt almaz. Buna görə də bu söhbətlər vətəndaşların qayğısına qalmaq üçün deyil, ziyana işləyən supermarket şəbəkələrində ət şöbələrinin xeyrinə hesablanıb”.