Azərbaycan müxalifəti bu ilin son mitinqini keçirib
Paylaşmaq
Paylaşmaq
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) şənbə mitinqinin iştirakçıları Azərbaycan hakimiyyətini korrupsiyaya görə qınayıb, təcili demokratik islahatların keçirilməsini və siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb ediblər.
Bu mitinq bu il keçirilən sayca beşinci və son aksiyadır. Ötən dəfələrdə olduğu kimi bu səfər də aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb və Bakının kənarındakı stadionda gücləndirilmiş polis mühafizəsi altında keçirilib.
Bu dəfəki mitinqin gündəmi ötən dəfəkilərdən demək olar ki, heç nə ilə fərqlənməyib. Ənənəvi olaraq çıxışçılar hakimiyyəti korrupsiyada ittiham edib, siyasi məhbusları azad etməyə çağırıblar, diqqəti iqtisadi problemlərə cəmləyiblər. Ən sonda isə hakimiyyətin istefasını tələb ediblər.
DQMŞ koordinasiya mərkəzinin üzvü, aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, böhran başlayandan bəri Azərbaycan iqtisadiyyatı iki dəfə zəifləyib.
“Bu təfəkkürlə, ağılla, bacarıqla onlar (hakimiyyət) heç nəyə nail ola bilməyəcəklər. Biz onlar yol göstərməliyik. Onların çıxış yolu istefa verməkdir”, – Turan agentliyi Məhərrəmliyə istinadən məlumat verib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev öz çıxışında əsas yeri siyasi məhbuslar və söz azadlığı probleminə ayırıb.
“Müstəqil, müxalif saytlar bloklanıb. Ölkədə 160 nəfərdən çox siyasi məhbus var. Onlardan 20-yə yaxını jurnalist və blogerdir. Azərbaycan siyasi məhbusların sayına görə Avropada liderdir”, – Gülalıyev bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli hakimiyyəti kəskin tənqid edib. Kərimli bəyan edib ki, 24 illik iqtidarları ərzində hakimiyyət ölkənin heç bir problemini həll etməyib, Qarabağ münaqişəsinin nizamlanması və işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində heç bir irəliləyiş yoxdur.
Ən sonda Kərimli bildirib ki, DQMŞ müvəqqəti olaraq aksiyaları dayandırır. Amma onun sözlərinə görə, bu o demək deyil ki, mitinqlər sona çatır. “Bizim daha kütləvi, güclü aksiyalarımız da olacaq və Milli Şura bununla bağlı xəbər verəcək”, – Kərimli deyib.
Bakı şəhər Baş Polis İdarəsinin mitinqdən sonra yaydığı məlumatda qeyd olunur ki, aksiyada min nəfərə yaxın adam iştirak edib. “İctimai asayişin və hüquq normalarının kobud pozulması halları qeydə alınmayıb”, – polisdən bildirilib.