Azərbaycan məktəblərində seks-qalmaqallar
Həmin gün heç bir sensasiyalı xəbər yox idi. Xəbər yoxdursa, iş də yoxdur, mən də evə getmək üçün iş gününün sonunu gözləyirdim. Elə bu vaxt xəbər çıxdı, həm də kütlənin ən sevdiyi mövzuda – seks qalmaqalı.
Tanış QHT rəhbəri mənə zəng vurdu və dedi ki, bir qadına kömək lazımdır.
45 saylı məktəbin ingilis dili müəlliməsi Ziyafət Nəbiyeva adının çəkilməsindən imtina etmirdi, bu da belə vəziyyətlər üçün qeyri-adi hal idi. Amma görüşdən imtina etdi, buna hələ ki, cəsarəti çatmırdı. Biz telefonda danışdıq; əvvəlcə o möhkəm ağlayırdı, mən isə onun sakitləşməsini gözləyirdim.
“Əlli yaşım var, uzun illərdir ki, müəlliməyəm. Heç vaxt başıma belə rüsvayçılıq gəlməyib. Onlar deyirlər ki, əllərində video var, mən özüm də videonu görmüşəm, əlli saniyəlikdi. Orda elə bir şey yoxdur, digər uşaqlar da sinifdədir”.
Ziyafət Nəbiyevanın sözlərinə görə, videoda onun keçmiş şagirdi Adilə [ad dəyişdirilib – müəllif qeydi] ona yaxınlaşır və üzündən öpür. Videonu qızın valideynləri direktora veriblər və bildiriblər ki, müəllimə ilə onların qızı intim münasibətdədirlər. Nəbiyeva bu vəziyyətdə müdafiə üçün QHT və mətbuata müraciət etməkdən başqa çıxış yolu görməyib.
“Adilə bizim məktəbdə oxuyub, müəllimi kimi məni çox istəyirdi, mən də onu çox istəyirəm, bütün digər şagirdlərim kimi. İndi isə bizi heç kimin ağlına belə gətirmədiyi münasibətlərdə günahlandırırlar. Direktor mənə təklif edir ki, başqa məktəbə keçim. Axı mən niyə böhtan dolu ittihamlara görə çıxıb getməliyəm?”
Ziyafət Nəbiyeva onun yerinə yeni müəllim götürmək istədiklərini istisna etmir.
Direktora zəng vurub xahiş edirəm ki, o videonu mənə göstərsin, qəti şəkildə etiraz edir. Məktəbin direktoru Nazilə Məmmədova deyir ki, videonu Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə verib. İşin nə yerdə olduğunu öyrənmək cəhdimin cavabında hər iki struktur “araşdırma gedir” cavabını verdi.
Aylar keçdi, amma rəsmi strukturlardan araşdırmanın yekununa dair konkret cavab almaq mümkün olmadı. Nəbiyeva vəziyyəti daha da gərginləşdirməmək üçün məktəb direktorunun təklifini qəbul etdi və bizdən onu bir daha narahat etməməyi xahiş etdi.
İlk qalmaqal
Azərbaycan məktəblərində son zamanlar seks-qalmaqallar ya çoxalıb, ya da mətbuat onlara daha çox diqqət yetirməyə başlayıb. Məktəblərin ənənəvi olaraq “evin sirrini çölə çıxarmaq” və zərərçəkənlərin ənənəvi olaraq polisə müraciət etmək istəmədiklərini bilərək əminliklə demək olar ki, təcavüz və taciz hallarının heç də hamısı qalmaqala səbəb olmur.
İlk ən səs-küylü qalmaqal yeddi il əvvəl baş verib. 2010-ci ildə 284 saylı orta məktəbin müəllimi Şahin Yusifov 13 il müddətinə azadlıqdan məhrum edilib. Müəllim öz şagirdinə evində qardaşının gözü qarşısında təcavüz edib, bunu telefona çəkmişdi.
15 yaşlı şagird öz müəlliminin uşağını dünyaya gətirib
Son bir il belə xoşagəlməz sensassiyalar sarıdan xüsusilə “məhsuldar” olub.
Şamaxının Pirbəhli kəndində müəllim Elnur İbrahimov 15 yaşlı şagirdi ilə intim münasibətə girib. Nəticədə qızcığaz dünyaya uşaq gətirib və dərhal ondan imtina edib. Körpəni uşaq evinə veriblər. Elnur İbrahimov və onun ailəsi iddia edirlər ki, onlara böhtan atılıb.
Şamaxı rayon məhkəməsinin qərarı ilə Elnur İbrahimov 2,5 il müddətinə müəllim fəaliyyətilə məşğul olmaq hüququndan və 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Cəza
Hüquqşünas Məlahət Nəbiyeva izah edir ki, on altı yaşına çatmamış şəxslə cinsi əlaqə və ya digər seksual xarakterli hərəkətlər üç ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər zərərçəkənin yaşı 14-dən azdırsa həbs müddəti üç ildən 6 ilə qədər ola bilər. Tərbiyəçi, müəllim və həkimlər üçün bu müddət 4 ildən 7 ilə qədərdir.
Nəbiyeva deyir ki, qurbanlar nadir hallarda polisə müraciət edirlər: “Zorakılıq qurbanı ilk növbədə ictimai qınağa məruz qalmaqdan qorxur. Hər şeydən əvvəl ətrafındakı insanların, qohumların, iş yoldaşlarının reaksiyasından çəkindiyi üçün öz problemi haqda danışmır. Polisə o vaxt gedirlər ki, hər şeyin ortaya çıxacağı labüddür və problemi görməzdən gəlmək mümkün deyil. Məsələn, Şamaxıda hər şey şagirdin hamilə olduğu ortaya çıxandan sonra açıldı. Daha bir səbəb polisin bu cür hallarla bağlı məsələlərə münasibətilə əlaqədardır. Yəni zərərçəkən polis əməkdaşlarından anlayış gözləmir”.
Müəllimlər üçün psixoloji test “ilişib”
Məktəblərdə zorakılıq faktlarına və seksual qalmaqallara Təhsil Nazirliyi günahkarı işdən azad etməklə və ya başqa məktəbə keçirməklə reaksiya verir. Sorğumuza cavab olaraq hər bir hadisənin müvafiq struktur tərəfindən araşdırıldığı və tədbirlər görüldüyü bildirildi.
Təhsil sahəsində ekspert Kamran Əsədov vəziyyətdən çıxış yolunu müəllim və direktorlar üçün psixoloji testlərdə görür. Belə bir layihə 2006-cı ildən bəri mövcuddur və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təklif hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib qarşılanıb, amma hələ də bu layihə kabinetlərdən kənara çıxa bilməyib.
Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsi standart cümləylə cavab verir: bu məsələlər müvafiq strukturlar tərəfindən araşdırılır (Təhsil Nazirliyi, prokurorluq)
“Qızları məktəbə buraxmayacaqlar”
“Təmiz Dünya” təşkilatının rəhbri Mehriban Zeynalova:
“Məktəblər haqda belə “xəbərlər” valideynlərin daha çox öz qızlarını məktəbə buraxmaması ilə nəticələnə bilər. Bu da erkən nikahlar probleminin üzərinə gələcək”.
Ümumilikdə cəmiyyət narahatdır. “Əgər biz uşaqları məktəbə də rahatlıqla buraxa bilməyəcəyiksə, daha bu nə oldu?” – iki qız anası Sevda Cumayeva deyir.
Bununla belə, həmin cəmiyyət bir qayda olaraq, zərərçəkən tərəfi günahkar bilir. Məsələn, ən son səs-küylü hadisə Beyləqanda baş verib, 17 yaşlı qızı oğlan dostu şantaj yolu ilə əvvəlcə özü ilə, daha sonra isə başqa üç nəfərlə intim münasibətə məcbur edib. Video nə cürsə mətbuata düşüb və qalmaqal yaranıb. Sosial şəbəkələrdə başlanan qızğın müzakirələrdə bu qızın ailəsi ilə birlikdə təcavüzçüləri şantaj etdiyini, videonun isə “onlara az pul verildiyi üçün” ortaya çıxdığını deyən skeptiklər də az olmadı.
İstənilən halda səs-küy yaranması nəticəsində hakimiyyət strukturları məsələ ilə ciddi məşğul oldular: hazırda iki şübhəli şəxs həbs edilib, daha ikisi isə polis nəzarəti altındadır. Bu haqda bizə Milli Məclisin Beyləqandan olan deputatı Şahin İsmayılov bildirib.
Müəllimi ilə intim münasibətdə olduğu iddia olunan Adilə isə artıq məktəbi bitirib. Onun misalında heç bir zorakılığa yol verilməsə də, məsələ sadəcə böhtan və şübhədən ibarət olsa da, Adilə üçün bu hadisə ağır sarsıntı olub: “Mən hər kəsə nifrət edə bilərdim, yaxşı ki, mənə inandılar. Əks halda nələr ola biləcəyi haqda düşünməyə belə qorxuram. Yəqin insanlar elə bu cür intihar edirlər”.
“Mən gedim”, – deyir və gedir, sifariş verdiyimiz çayı gözləmədən. Görünür ki, bütün bunları unutmaq üçün ona hələ çox vaxt lazım olacaq.