“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) “Boeing” korporasiyası ilə beş B787-8 Dreamliner və iki B747-8F (və ya B777F) təyyarəsinin alınması haqda müqavilə imzalayıb.
Aviaşirkətin mətbuat xidməti xəbər verir ki, yeni təyyarələr $1,9 milyarda başa gələcək. Təyyarələrin 2019-2020-ci illərdə çatdırılacağı bildirilir.
AZAL-ın prezidenti Cahangir Əsgərov:
“Əlavə 787 Dreamliner təyyarələrinə sifariş verilməsi haqda qərar aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək – yeni təyyarələrin alışı bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək”.
“Azərbaycan Hava Yolları” Azərbaycanın milli daşıyıcısı və yüksək qiymətləri ilə tanınan yeganə Azərbaycan aviaşirkətidir. Və milli daşıyıcı kimi dövlətdən dotasiya və imtiyazlar alır.
Natiq Cəfərli, iqtisadiyyat:
“Müqavilənin Qərbə növbəti “mədəni rüşvət” olduğunu bir kənara qoysaq, AZAL kimi pis idarəçiliyi olan şirkətə bu qədər xərc qoymağın anlamı yoxdur”.
Toğrul Maşallı, iqtisadçı:
“AZAL “yenilənmiş” şirkət imici yaratmağa can ataraq, qürurla bildirir ki, onun çox gənc təyyarə parkı var – orta 9,5 yaş. Hətta özlərinin loukost-brendləri üçün onlar yeni təyyarələr alıblar, halbuki adətən belə etmirlər”.
Bu cür “yenilənmə strategiyası”nın nəticələrinə gəlincə, biletlərin qiymətləri ya artacaq, ya da əvvəlki kimi qalacaq”.
Azərbaycan aviaşirkətinin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 təyinat məntəqəsindən ibarətdir.
2016-cı ildə “Azərbaycan Hava Yolları” iki milyondan çox sərnişin daşıyıb.
AZAL Boeing 787 Dreamliner, Boeing 767 və Boeing 757, həm də Airbus 340, Airbus 320, Airbus 319 və Embraer 190 təyyarələrini işlədir – parkda cəmi 25 təyyarə var.