Azərbaycan və Ermənistan hakimiyyətləri ikitərəfli komissiya çərçivəsində iki ölkə arasında sərhədin delimitasiyası üzrə danışıqlara hazırlaşır. Rəsmi Bakı artıq Ermənistanla sərhəddə iki sərhəd məntəqəsinin yerini müəyyən edib. Nazirlər Kabinetinin müvafiq qərarı ölkənin baş naziri imzalayıb.
Azərbaycanın baş naziri Əli Əsəsdovun imzaladığı qərara əsasən, Ermənistanla sərhəddə iki sərhəd buraxılış məntəqəsinin (SBM) yeri müəyyən edilib.
Sənədə müvafiq olaraq, Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun Eyvazlı və Zəngilan rayonunun Qazançı yaşayış məntəqələrində SBM yerləşdiriləcək.
Bundan başqa, sənəddə daha iki yeni sərhəd məntəqəsi haqda danışılır. Onlar eyni adlı rayonlarda yerləşən “Füzuli” və “Zaqatala” beynəlxalq aeroportlarında yaradılacaq.
Açılışı 2021-ci ilin oktyabrında baş tutmuş “Füzuli” aeroportu ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına keçən ərazilərdə mövcud olacaq üç hava limanından birincisidir. “Zəngilan” aeroportunun açılışı cari ilin sonuna nəzərdə tutulub, “Laçın” aeroportu isə 2024-cü ildə istismara verilməlidir.
Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi. Foto: sosial şəbəkələr
Ermənistanla sərhəddəki sərhəd buraxılış məntəqələrindən birinin yerləşəcəyi Qubadlı rayonunun Eyvazlı kəndindən Ermənistanın Gorus və Qafan şəhərlərini birləşdirən yol keçir. Orada artıq Azərbaycanın gömrük məntəqəsi fəaliyyət göstərir və Qarabağ istiqamətində hərəkət edən yük avtomobillərinə xidmət göstərir.
Zəngilan rayonunun Qazançı kəndinin yaxınlığında Ermənistanla sərhəddə ikinci SBM yaradılacaq, Azərbaycanın eksklavı – Naxçıvan Muxtar Respublikasına avtomobil yolu keçəcək. Böyük ehtimalla bu sərhəd məntəqəsi Zəngəzur nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Birinci Qarabağ müharibəsindən sonra dağıdılan Azərbaycandan Qafana gedən keçmiş dəmiryolu xətti də Qazançının yaxınlığından keçir.