Azərbaycan Ermənistana neft satacaq: rəsmi susqunluq və siyasi-iqtisadi təsirlər
Azərbaycan Ermənistana neft satacaq
Azərbaycan mediasında geniş işıqlandırılmadan, Bakı Yerevana neft məhsulları satmağa hazırlaşır. Bu, on illərlə düşmən mövqedə olmuş iki ölkə arasında ilk belə iqtisadi əməkdaşlıq addımıdır.
Rəsmi bəyanatlarda bu məsələnin sadəcə “müzakirə olunduğu” bildirilsə də, əslində artıq Bakı ilə Yerevan arasında anlaşma əldə edilib.
Buna sübut kimi, Azərbaycan hökuməti Gürcüstandan öz ərazisi ilə Ermənistana yanacaq tranziti üçün rəsmi icazə istəyib və hətta ilk tranzitin detalları razılaşdırılıb.
Lakin Bakı bu tarixi xəbəri daxili auditoriyadan sanki gizlətməyə çalışır. İctimai diqqət əsasən Gürcüstanın tranzit rüsumu ətrafında müzakirələrə yönləndirilib. Bu məqalədə həmin “gizli neft razılaşması”nın siyasi təsirləri, iqtisadi perspektivləri və ictimai rəydə doğurduğu reaksiyalar təhlil olunur.
“JAMnews”un bu materialında istifadə olunan terminlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Siyasi təsirlər və regional kontekst
Azərbaycan hakimiyyəti neft anlaşmasını reallaşdırsa da, bunu yüksək səslə elan etməyə tələsmir. Rəsmi açıqlamalar çox ümumi saxlanılır, ölkə daxilində media bu xəbəri geniş yaymır.
Görünən budur ki, hökumət illərdir davam edən anti-Ermənistan ictimai rəyini nəzərə alır: 2020-ci ildə torpaqlarını hərbi yolla geri alan, hələ yekun sülh müqaviləsi imzalamayan Azərbaycan cəmiyyəti üçün qarşı tərəfə yanacaq satmaq paradoksal görünə bilər.
Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi üçün möhkəm siyasi-hüquqi zəmin formalaşmayıb, bu səbəblə belə alış-veriş cəmiyyətdə geniş müzakirələrə yol açıb.
Hətta hökumətyönlü media bunu “humanitar jest” kimi təqdim etsə də, hökümətə yaxın tənqidçilər sual edir:
Ortada sülh sazişi olmadan, Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına iddialar qalarkən, biz onlara yanacaq satırıqsa, sabah müharibə yenidən başlayarsa, həmin yanacaq ordumuza qarşı istifadə olunmayacağına kim zəmanət verə bilər?
Belə ehtiyatlı yanaşmalar Bakının bu xəbəri niyə çox qabartmadığını anlamağa kömək edir.
Tbilisi ilə gərginlik epizodu
Bu məsələ regionun üçüncü ölkəsi Gürcüstanı da siyasi gündəmə gətirdi. Azərbaycanın Ermənistana yanacaq göndərə bilməsi üçün yeganə tranzit marşrutu Gürcüstandan keçir. Çünki iki qonşu arasında birbaşa dəmir yolu əlaqəsi 30 ildir kəsilib.
Azərbaycan hökumətinə yaxın “Minval Politika” portalının yazdığına görə, Gürcüstan 111 km-lik yol üçün 92 ABŞ dolları (yəni hər ton üçün km başına $0.82) kimi “astronomik rüsum” təklif edib. Müqayisə üçün, Azərbaycan Dəmir Yolları eyni yükü 680 km məsafədə cəmi $17-ə daşıyır ki, bu da km başına $0.02 deməkdir. Gürcüstanın təklif etdiyi tarifin 40 dəfə baha olması iqtisadi zərurətdən çox siyasi mesaj kimi yozulub.
Bakıdan gələn narazılıq siqnallarına Gürcüstan hökuməti gecikmədən reaksiya verib. Dekabrın 5-də Azərbaycan və Ermənistan birgə müraciət etdikdən sonra Gürcüstan baş naziri İrakli Kobaxidze Azərbaycan yanacağının ilk tranzitinin tamamilə pulsuz həyata keçirilməsini tapşırıb.
Ekspertlər hesab edir ki, bu insident Tbilisi-Bakı münasibətlərində müəyyən inamsızlıq toxumu səpib. Gürcüstan Cənubi Qafqazda nəqliyyat qovşağı rolunu qorumaq istəyir və Azərbaycan-Ermənistan barışığı nəticəsində mümkün alternativ marşrutlardan narahatdır. Bakı isə gözləyir ki, onun illərlə dəstək olduğu Tbilisi strateji maraqlarını nəzərə alacaq.
Görünən odur ki, sülh prosesinin irəliləməsi Cənubi Qafqazda yeni siyasi nizam formalaşdırır və tərəflər bu nizamda öz yerlərini təyin etməyə çalışırlar.
İrəvanın mövqeyi
Ermənistan hökuməti də bu məsələyə ehtiyatla yanaşır. Rəsmi açıqlamalarda birbaşa “Azərbaycan nefti alırıq” demək əvəzinə, Ermənistan İqtisadiyyat Nazirliyi bildirir ki, Gürcüstanla belə bir tranzit müzakirəsi aparılıb və Gürcüstan ilk göndəriş üçün tarif tətbiq etməyəcəyini rəsmi qaydada onlara çatdırıb. Yəni fokus Azərbaycandan çox Gürcüstanın jestinə yönəldilib.
Bununla belə, Ermənistan tərəfi də faktiki razılaşmanı təsdiqləyir. Nazir Gevorq Papoyan bəyan edib ki, “əgər belə tranzit baş tutsa, ilk mərhələdə rüsum alınmayacaq, sonrakı hallarda isə adi tranzit ödənişləri tətbiq ediləcək”. Papoyan Gürcüstanın bu addımını “simvolik jest” adlandıraraq alqışlayıb.
Bu ilin noyabrında Ermənistan ilk dəfə Azərbaycan üzərindən taxıl idxal edib, dekabrda isə yanacaq məsələsi gündəmdədir. Baş Nazir Paşinyan bunu ölkəsi üçün iqtisadi fürsət kimi təqdim edə bilər. Ancaq Ermənistan daxilində də müxalif dairələr bu cür yaxınlaşmaları birmənalı qarşılamır.
Azərbaycanlı ekspertlər isə düşünür ki, “illərlə Azərbaycanı “düşmən” bilən ictimaiyyət üçün Azərbaycanın yanacağına möhtac qalmaq müəyyən qürur sarsıntısı yarada bilər”.
Bunun fonunda Paşinyan hökuməti mümkün tənqidlərə qarşı bu addımı Rusiyadan enerji asılılığını azaltmaq və qiymətləri ucuzlatmaq zərurəti kimi əsaslandırır.
Hazırda Ermənistanın neft məhsulu idxalının 60%-dən çoxu Rusiyanın payına düşür (2024-cü ildə 230 min ton benzin, 175 min ton dizel). Qalan tələbat İran, Rumıniya, hətta Malta və Türkiyə kimi mənbələr hesabına ödənilir.
İndi Azərbaycan benzini və dizeli almaq qərarı Ermənistanın enerji təchizatında Rusiyadan asılılığı qırmaq cəhdi sayıla bilər. Bu, Qərblə yaxınlaşan Paşinyan üçün həm iqtisadi, həm də geosiyasi dividendlər vəd edir.
Hakim Vətəndaş Müqaviləsi partiyası 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi Rusiya təzyiqini azaltmaq istəyir. Yeni enerji diversifikasiyası Moskvanın rıçaqlarını zəiflədə bilər.
Üstəlik, Paşinyan hakimiyyəti seçkidə qalib gəlsə, Ermənistanın Rusiya təsirindən qurtulmaq kursu güclənəcək və Azərbaycanla sülh sazişini imzalamaq ehtimalı artacaq. Göründüyü kimi, Bakı-Yerevan neft anlaşmasının siyasi əhəmiyyəti təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, o, həm də regionda Rusiya, ABŞ və Gürcüstanın yer aldığı böyük geosiyasi oyunun bir hissəsidir.
İqtisadi perspektivlər və faydalar
Mövcud plana görə, Azərbaycan Ermənistana bir dəfəyə müəyyən həcmdə yanacaq göndərəcək. Bu, yəqin ki, sınaq mahiyyətli ilk partiya olacaq.
Hələlik rəsmən açıqlanmasa da, göndəriləcək məhsulun növü ehtimal ki, benzin və dizel yanacağıdır. Çünki ekspertlər də qeyd edir ki, Ermənistanda neftayırma zavodu yoxdur, xam neft alsa belə emal edə bilməz. Yəni söhbət Azərbaycanın xam neftindən deyil, hazır neft məhsullarından gedir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsal etdiyi yanacaq növləri Gürcüstan bazarına illərdir satılır; indi eyni məhsulların kiçik bir qismi Ermənistan bazarına yönələ bilər. Bu ölkənin illik yanacaq tələbatı çox böyük deyil. Bu, təqribən yarım milyon ton civarında qiymətləndirilir ki, bunun da böyük hissəsini indiyədək Rusiya təmin edib. Azərbaycan üçün bu rəqəm ciddi yük sayılmaz; yəni, iqtisadi risk yoxdur.
Ermənistan tərəfi üçün əsas qazanc yanacaq təchizatında qiymətlərin ucuzlaşması və təchizatın şaxələndirilməsi ola bilər.
Yerli ekspertlər deyir ki, Azərbaycan məhsullarının rəqabətə qoşulması Yerevanda benzinin qiymətini aşağı sala bilər.
Gürcüstandan dəmir yolu ilə birbaşa idxal, dəniz və quru yoluyla daşımalara nisbətən logistika xərclərini azaldır. Bu ilin noyabrında Rusiya buğdasının Azərbaycan vasitəsilə çatdırılmasının Ermənistanda çörək istehsalçıları üçün daha ucuz başa gəldiyi bildirilir. Eyni situasiya yanacaqda da təkrarlana bilər.
Bununla belə, iqtisadi əməkdaşlığın tam gerçəkləşməsi bir sıra şərtlərdən asılıdır. Hələ ki, Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu xətti yoxdur. Vaxtilə mövcud olmuş dəmir yolu xəttləri münaqişə səbəbilə istismara yararsızdır. Müzakirə edilən Trump Marşrutu (TRIPP) reallaşarsa, iki ölkə arasında daşımalar xeyli asanlaşa bilər.
TRIPP marşrutunun açılması, faktiki, Azərbaycan-Ermənistan arasında birbaşa kommunikasiya demək olacaq. O halda Bakı Yerevana həm ucuz nəql xərci ilə yanacaq, həm də başqa mallar göndərə biləcək. Lakin hələlik reallıqda bütün yüklər Gürcüstan üzərindən daşımalıdır.
Azərbaycan Ermənistana neft satacaq