Azərbaycanlı siyasi mühacir Vətənə qayıtdıqdan sonra həbs olunub
Müxalifətçi “Müsavat” partiyasının fəalı Azad Həsənov Litvadan Bakıya gəlib və dərhal narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib. Onun partiya yoldaşları bunu siyasi motivlərə görə həbs adlandırıblar.
Azad Həsənov 2003-cü ildən “Müsavat”ın fəaliyyətində fəal iştirak edib, bir neçə dəfə polis tərəfindən saxlanılıb, 2014-cü ildə isə Litvada siyasi sığınacaq alıb. 2018-ci ilin oktyabr ayının 10-da o, xəstə atasını ziyarət etmək üçün Azərbaycana qayıdıb. Onu heç bir maneə olmadan sərhəddən buraxıblar, atasını ziyarət edib, ertəsi gün isə namaz qılmaq üçün məscidə yollanıb.
Məsciddən çıxarkən mülki geyimli bir neçə şəxs Həsənovu tutub, itələyərək maşına salıb və naməlum istiqamətdə aparıb. Yalnız bir gündən sonra məlum olub ki, onu həbs ediblər. İttiham tərəfi iddia edir ki, Həsənovun üzərində dörd qram heroin tapılıb və bu 5 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Vəkil Osman Kazımov bildirir ki. ittiham çox şübhəlidir və eyni zamanda, saxlanılarkən Həsənovun hüquqları təmin edilməyib. Misal üçün, ona qohumlarına zəng etməyə icazə verilməyib.
Xətai Rayon Məhkəməsində Həsənovun həbsi barədə məlumatı təsdiq ediblər. DİN-in mətbuat xidmətində məlumatın olmadığına istinad edərək, həbs xəbərini şərh etməkdən imtina ediblər.
Azad Həsənovun həyat yoldaşının sözlərinə görə, Litvada yaşadığı vaxt da o, müxalifətdəki fəaliyyətini davam etdirib.
«Bakıya atasının yanına yola düşəndə bileti yalnız bir tərəfə aldı. Dedi ki, birdən geri buraxmazlar. Düşünürəm ki, o, bu həbsin olacağını gözləyirdi», – Təranə Qasımova deyir və əlavə edir ki, Litvanın dövlət strukturlarına yardım üçün müraciət etmək niyyətindədir.
Bu Azərbaycanda müxalifət fəallarının narkotik ticarətinə görə ilk həbsi deyil. Ən səs-küylü analoji hadisə Qiyas İbrahimov və Bayram Məmmədovun həbsi olmuşdu. Onlar 2016-cı ildə eyni ittihamla 10 il həbs cəzasına məhkum edilmişdilər.
Video: Onların anaları bunun necə baş verdiyini JAMnews-a danışmışdılar