Azərbaycanlı jurnalist ona təklif olunan 250 min dollardan imtina edib
Jurnalist Xədicə İsmayıla Qətərdən korrupsiya ilə mübarizə aparan fondun 250 min dollarlıq mükafatı təklif edilib.
Jurnalist fondu araşdırdıqdan sonra fondun Qətər əmiri tərəfindən yaradıldığını eyni zamanda Qətərdə araşdırma jurnalistikası ilə məşğul olan mərkəzi bağladığını və dünyada islahatçı kimi tanınmaq istədiyi nəticəsinə gəlib. Jurnalist təklif edilən mükafatdan imtina edib.

“Fond nümayəndəsi cavab yazdı ki, mükafatın böyründə 250 000 dollar pul verirlər və müsbət cavabıma ümidlidirlər.
Öyrəndim ki, özünü islahatçı kimi reklam edən müəllim Qətərdə araşdırma jurnalistikası ilə məşğul olan mərkəzi bağlayıb və Qətərdə jurnalistika elə bizim ölkədəki qədər təhlükəli peşədir”.
Jurnalist onu da əlavə edib ki, fondun mükafat vermək istəmə səbəbi məşhur jurnalistləri bu mükafatla təsir altına almaqdır:
“Niyə mən? Bunlar üç ildir mükafat paylayır, hələ bir adlı-sanlı adamı mükafata razı sala bilməyiblər. Belə təşəbbüsləri də legitimləşdirən adlı-sanlı mükafatçılardır. Qeyri-təvazökar çıxır, amna dostum izah etdi ki, mənim də adım lazımmış bunlara.
Cavab yazdım müəllimlərə. Dedim, çox sağ olun, mən araşdırdım və islahatlarınızın səmimiyyətinə inanmıram, reputasiyamı da heç bir pula satmıram”.
Xədicə İsmayıl Azərbaycanda araşdırmaçı jurnalistika ilə məşğuldur. O, 2014-cü ildə həbs olunaraq vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Hazırda jurnalistin ölkədən çıxışına qadağa qoyulub.
Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə, sözügedən işdə jurnalistin Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə qorunan hüquqları pozulub.
Jurnalistə bu pozuntulara görə ümumilikdə Azərbaycan hökuməti 25 min avro təzminat ödənilməlidir, lakin jurnalist bu pulu hələ də ala bilmədiyini bildirir.
22 iyul Milli Mətbuat Günündə prezident İlham Əliyev bəzi jurnalstləri ordenlə təltif edib. “RealTv-nin” rəhbəri Mirşahin Ağayev 2-ci dərəcəli, Elçin Şıxlı isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bəzi digər jurnalistlər isə tərəqqi medalı və əməkdar jurnalist adına layiq görülüblər.