“ABŞ qərəzdən şantaja keçir?” Bakıdan şərh
Azərbaycanla ABŞ arasında münasibətlər
Bu yaxınlarda ABŞ Dövlət Departamentinin sorğusu əsasında hazırlanan “Qarabağda faktaraşdırıcı missiya”nın hesabatı dərc olunub. Keçən noyabrda Konqresin dinləmələri zamanı dövlət katibinin köməkçisi Ceyms O’Brayen bu sənədin anonsunu verib və hesabat onun regiona son səfərindən dərhal sonra dərc olunub. Azərbaycanın Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin analitikləri hesabatı “ikili standartların növbəti və hətta daha çirkin nümunəsi” adlandırıblar.
- Talassemiyalı uşaqların valideynləri niyə dələduzların qurbanına çevrilir?
- Azərbaycanda parlament seçkiləri ərəfəsində yanacaq və nəqliyyat qiymətləri qalxıb
- Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edildi
Azərbaycan Cənubi Qafqaz Tədqiqatları Mərkəzi (CSSC) ABŞ Dövlət Departamentinin sorğusu əsasında hazırlanmış “Qarabağda faktaraşdırıcı missiya”nın hesabatına dair şərh dərc edib.
“İkili standartların yeni səviyyəsi”
“Hesabat öz mahiyyətinə görə ikili standartların növbəti və daha çirkin bir nümunəsini əks etdirir. Burada rəsmi Vaşinqtonun son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli və ermənimərkəzli yanaşması daha açıq şəkildə özünü büruzə verir:
- Sənəddə 30 illik münaqişənin yalnız son 3 ili birtərəfli yanaşmada və ciddi təhrif olunmuş tərzdə işıqlandırılır, işğalçılar qurban kimi göstərilir. Bütün dünyanın gözü qarşısında ermənilərin Qarabağdan könüllü və dinc şəkildə köçü etnik təmizləmə kimi qələmə verilir. Lakin 1990-cı illərin əvvəllərində Qarabağın yarım milyondan çox azərbaycanlı əhalisinin kütləvi qırğınlara məruz qalaraq öz yurdlarından qovulması barədə danışılmır.
- Hesabatda ötən ilin sentyabrındakı birgünlük antiterror tədbirləri nəticəsində Qarabağın erməni sakinləri arasında 229 nəfərin öldüyü, onlardan yalnız 34-nün mülki şəxs olduğu bildirilsə də, yerdə qalanların məhz silahlı hərbçilər olduğu qeyd edilmir. Bu hərbçilərin Azərbaycan ərazisində işğalçı qüvvələri təmsil etdikləri barədə hesabat müəllifləri susur, beynəlxalq təşkilatlar ötən əsrin sonlarında Ermənistanın işğalçılıq fəaliyyətinə siyasi qiymət verməkdən həmişəki kimi yayınırlar.
- Sənəddə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə istinad edilərək Azərbaycanın insanlığa qarşı və müharibə cinayətlərində ittiham edilməsi isə ikiüzlülüyün son həddidir. Belə ki, ilk növbədə ABŞ özü bu əsasnaməyə qoşulmayıb. Digər tərəfdən, Fələstində 38 min nəfərin ölümü, milyondan artıq sakinin öz evlərindən didərgin düşməsi fonunda, məhz ABŞ tərəfi BCM üzvlərini sanksiyalarla hədələyərək məhkəmənin İsrail rəsmilərinin mümkün həbsinə dair qərarına imkan vermir”.
“ABŞ nə istəyir?”
“Sözügedən hesabatın məhz belə qərəzli formada və indi açıqlanması heç də təsadüfi deyil. Bu, başlıca olaraq ABŞ-ın daxili gündəmi ilə əlaqədardır.
Sirr deyil ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tələsir. Hazırki administrasiya öz seçki kampaniyasında mümkün sazişi xarici siyasətdəki uğuru kimi göstərməyə çalışır. Bakının Ermənistan Konstitusiyası ilə bağlı haqlı tələbində israrlı olması isə ABŞ hökumətinin bu planlarını pozur və belə şəraitdə Ağ Ev Azərbaycana qarşı açıq-aşkar şantaja keçir. Sənədin O`Brayenin səfərindən dərhal sonra yayılması da bununla bağlıdır.
Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi ABŞ hakimiyyətini ölkədəki erməni lobbisinin ciddi tənqid hədəfinə çevirib. Vaşinqtonun anti-Azərbaycan addımları həm də seçki öncəsi erməni diasporunun yenidən rəğbətini qazanmaq məqsədini güdür. Hesabatın idarə heyətinin əksəriyyəti etnik ermənilərdən ibarət “Freedom House”un bələdçiliyi ilə hazırlanıb təqdim olunması bunu bir daha sübut edir.
ABŞ-ın sülhü tələsdirməkdə öz məqsədini kommunikasiyaların açılması ehtiyacı ilə izah etməsi isə ciddi suallar doğurur. Çünki vaxtilə məhz Vaşinqton Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxıb. İndi də Ermənistan ərazisindən keçəcək dəhlizin reallaşması üçün Paşinyana Bakının haqlı tələblərinin qəbulunda kömək etmək əvəzinə, ABŞ Azərbaycana təzyiq göstərməyə çalışır”.
“Nəticə”
“Beləliklə də, ermənimərkəzli mövqeyindən əl çəkə bilməyən və Azərbaycana qarşı bir qayda olaraq qərəzli münasibət sərgiləyən ABŞ, yenidən şantaja əl atır. Ötən ilin noyabrında olduğu kimi, indi də ön cəbhədə O`Brayen dayanıb.
Lakin onun Bakıya öncəki təzyiq cəhdlərinin nə ilə nəticələndiyi yəqin ki, hamının yadındadır. Vaşinqton anlamalıdır ki, Azərbaycanın maraqları ilə hesablaşmadan və haqlı tələbləri nəzərə alınmadan bölgədə davamlı sülh sadəcə mümkün deyil”.