Azərbaycanın yeni baş naziri Novruz Məmmədov oldu
Aprelin 21-də Azərbaycan Milli Məclisi (parlament) yekdilliklə Novruz Məmmədovun namizədliyini baş nazir vəzifəsində təsdiq edib. Bu vəzifəni 1996-cı ildən tutan 83 yaşlı Artur Rasizadə istefaya göndərilib.
“Bu günə qədər danışmağı sevirdim. Görünür, artıq bundan sonra daha çox işləmək lazımdır”, – Məmmədov Milli Məclisdə namizədliyinin təsdiqindən sonra etdiyi çıxışında deyib.
Novruz Məmmədov sələfindən 12 yaş gəncdir. Daha əvvəl prezident aparatında beynəlxalq siyasət şöbəsinə başçılıq edib. Məmmədov filologiya professoru, fransız dili üzrə mütəxəssisdir. Əlcəzair və Qvineyada diplomatik missiyalarda çalışıb. Keçmiş Azərbaycan prezidenti Heydər Əliyevin fransız dilindən şəxsi tərcüməçisi olub. Məmmədov həm də azərbaycanlı məmurlar arasında ən fəal Twitter istifadəçisidir.
Məmmədovun təyinatı ümumilikdə Azərbaycanın sosial şəbəkələrində müsbət qarşılandı. Onu “zərərsiz”, “alicənab” və “xeyirxah” adam adlandırdılar.
Müxalif “Respublika Alternativi” (ReAL) partiyasının icra katibi Natiq Cəfərli Novruz Məmmədovu “kompromis namizəd” adlandırdı:
“Artıq heç kəsə sirr deyil ki, hakimiyyət daxilində “siyasi elitaların” ciddi rəqabəti var. Əgər 2 böyük “elitanın” olduğunu qəbul etsək, Novruz müəllimin namizədliyi hər iki tərəfi qane edəcək kompromis addımdır”.
Cəfərli əlavə edib ki, Nazirlər Kabinetinin onsuz da səlahiyyətləri azdır, vitse-prezident postu təsis ediləndən sonra isə onlar bir az da azaldı. Ona görə də “istisna olunmur ki, gələcəkdə institut olaraq bu qurum ləğv edilsin”.
Müxalifət seçkiləri boykot edib. ATƏT-in beynəlxalq müşahidəçiləri seçki prosesini tənqid edərək, bildirib ki, “Azərbaycanda növbədənkənar prezident seçkiləri əsl demokratik seçki kampaniyası üçün zəruri olan əsas hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçib”.