Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin diversiyası haqda məlumat yayıb, Ermənistanın Müdafiə Nazirliyi isə məlumatı təkzib edib
Bakıdan informasiya
Azərbaycanın Müdafiə Nazirliyi bildirib:
“Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib”.
Nazirliyin saytının yaydığı məlumata əsasən, “cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib”.
Məlumatda deyilir ki, döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.
Azərbaycanın Müdafiə Nazirliyi qeyd edir ki, “cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Yerevandan informasiya
Ermənistan mediasında Azərbaycan Müdafiə Nazirliyinin məlumatı təkzib edilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, avqustun 22-də 19:30 radələrində zabit Qurgen Alaverdyan hərbi dayaq məntəqəsini yoxlamağa yollanıb, əlverişsiz hava şəraiti üzündən yolunu azıb və itkin düşüb.