“Azərbaycanın əsas siyasi məhbusu” İlqar Məmmədov azadlığa çıxdı
Azərbaycanın Şəki Apellyasiya Məhkəməsi indiyə kimi yeddi illik cəzasının beş ilini çəkmiş müxalif “Respublikaçı Alternativ” (REAL) partiyasının sədri İlqar Məmmədovun şərti azadlığa buraxılması barədə qərar qəbul edib.
Məmmədov həbs cəzasını 2013-cü ildə Azərbaycanın şimalında yerləşən İsmayıllı şəhərinə, orada ictimai iğtişaş baş verərkən etdiyi səfərdən sonra almışdı. Əvvəlcə ona qarşı bu iğtişaşların təşkili və polisə müqavimətlə bağlı ittiham irəli sürülmüşdü, sonradan ilk maddə daha ağırına – yanğın və dağıntı törədilməsi ilə kütləvi iğtişaşların təşkili maddəsinə dəyişdirilmişdi.
Bütün bu müddət ərzində İlqar Məmmədov Azərbaycanda əsas siyasi məhbus hesab edilirdi və bir çox beynəlxalq təşkilatlar, o cümlədən, misal üçün, “Amnesty İnternational” onun azad edilməsini tələb edirdilər.
2018-ci ilin iyul ayının əvvəlində Azərbaycan Ali Məhkəməsi, Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrasını nəzərdən keçirərək, hökmü ləğv etmiş və cinayət işini yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı.
«Bu qərarın qəbulu özü özlüyündə sensasiyadır. Hesab etmək olar ki, İlqar azadlıqdadır. Lakin qərar bizi qane etmir. Yəqin ki, şikayət edəcəyik. Amma necə olursa olsun, bu yaxşı xəbərdir”, – REAL partiyasının beynəlxalq əlaqələr üzrə katibi Erkin Qədirli deyir.