Azərbaycanda pambıq tarlalarında pambıqçılar bir həftədə ikinci dəfə zəhərlənib
Ötən həftə ərzindəAzərbaycanda pampıqçıların pambıq tarlasında ikinci kütləvi zəhərlənmə halı baş verib.
İlk hadisə iyunun 10-da Saatlı rayonunun Sımada kəndində baş verib. 24 nəfər xəstəxanaya yerləşdirilib, bəzilərini müalicə üçün Bakıya göndərməli olublar. Eyni hadisə iyunun 16-da Tərtər rayonunun Seydimli kəndində baş verib. Burada 14 nəfər zərər çəkib, onlardan bir qismi ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Hər iki halda ölən olmayıb.
İlkin məlumata görə, işçilər alaqlarla mübarizədə istifadə olunan “Formula 5-FEC” kimyəvi maddədən zəhərlənib.
Baş Prokurorluq 249.2-ci maddə ilə (Alaq və zərərvericilərlə mübarizə zamanı təhlükəsizlik qaydalarının pozulması, ağır nəticələrə səbəb olduqda), həmçinin 314.2-ci maddə ilə (vəzifə borcunun yerinə yetirilməsinə etinasız münasibət) cinayət işi qaldırıb. Sahə sahibləri bu maddələrlə nəzərdə tutulan məsuliyyətə cəlb olunmalıdır.
“Zerkalo” qəzeti Saatlı rayon xəstəxanasının baş həkim müavini Adəm Əliyevə istinadən xəbər verir ki, ilk hadisə zamanı işçilər sahəyə kimyəvi maddə ilə dərmanlanandan dərhal sonra çıxdıqları üçün zəhərləniblər. Baxmayaraq ki, təhlükəsizlik qaydalarına əsasən, müəyyən müddət gözləmək lazım idi.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun fikrincə isə, ümumiyyətlə bu kimyəvi maddədən istifadə etməzdən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Sanitar-Epidemiologiya Xidmətinin yerli şöbələrinə məlumat verilməli idi.
Son bir neçə ildə Azərbaycan hökuməti pambığa xüsusi diqqət yetirir, bu sahəni qeyri-neft sektorunun ən aparıcı (və eyni zamanda ən gəlirli) sahəsinə çevirməyə ümid edir.