Azərbaycanda orduya dəstək yürüşündə iştirak etdiyi üçün daha 4 ictimai fəal həbs edilib
Azərbaycan ordusuna dəstək aksiyası zamanı Milli Məclis binasına daxil olduğu üçün daha 4 şəxs həbs edilib.
Həmin şəxslər Mustafayev Səyavuş Firudin oğlu, Ramid Zəkrulla oğlu, Mövləyev Dəyanət Kərəm oğlu və İmanov Bəxtiyar Bədəl oğludur.
Onlara qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmədə təqdimatlara bu gün, iyulun 21-də baxılacaq.
Həbs olunanlardan Səyavuş Mustafayev Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin keçmiş müavini olub. O, 8 il həbsdən sonra 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin əfv Fərmanı ilə azadlığa çıxıb.
İyulun 14-dən 15-nə keçən gecə Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.
Bir qrup şəxs Milli Məclisin binasının qapı-pəncərələrini sındıraraq ora daxil olub, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.
Məsələ ilə bağlı bir neçə nəfər istintaqa cəlb edilib və barələrində cinayət işi açılaraq məhkəməyə göndərilib. Məhkəmə onların hər birini 3 ay müddətində həbs edib. Həbs olunanların əksəriyyətinin ictimai fəal və Xalq Cəbhəsi partiyasının üzvləri olduğu bildirilir.
Bəzi siyasi-ictimai fəallar həbslərin siyasi sifariş olduğunu bildirirlər.
Jurnalist Xədicə İsmayıl: “İlham Əliyev ön cəbhə ilə cəbhəçiləri səhv salıb. Biri başa salsın ki, qoşunu ön cəbhəyə yeritmək lazımdır, cəbhəçilərin üstünə yox. Bu gün də ona yaxın cəbhəçi həbs olunub. Ümumi sayı itirdik artıq”.