Azərbaycanda növbəti ov qalmaqalı: brakonyerlərin bələdçisi nazirliyin əməkdaşıdır?
Azərbaycanda ekoloji problemlərlə mübarizə aparan “Eco-front” təşkilatı Qax rayonunda qanunsuz ov faktı aşkar edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılandan sonra dövlət qurumları da hərəkətə keçiblər. İddia olunur ki, brakonyerlərin bələdçisi ekologiya nazirliyinin əməkdaşı olub.
2021-ci ilin mart ayında Azərbaycanda ən səs-küylü hadisələrdən biri Qax rayonundakı qoruqda ərəb turistlərin Qırmızı kitaba düşmüş quşları ovlaması olmuşdu. Bu dəfə də hadisə Qax rayonunda qeydə alınıb.
Aprelin 18-də “Eco-front”un rəhbəri Cavid Qara özünün “Facebook” səhifəsində qısa məlumat verib: “Qanunsuz ov edən 6 nəfərlik qrupu saxlamışam. Polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermişəm. Qax. Sarıbaş”.
Bundan bir qədər sonra o, daha bir məlumat paylaşaraq, ov edənlərin hərbçilər olduğunu bildirib və əlavə edib: “Bələdçiləri isə ETSN Hidrometrologiyanın işçisi, Sarıbaş sakini Valeh Osmanov idi”.
- Ərəb turistlər Azərbaycanda nadir quşları ovlamağa davam edirlər: hakimiyyət susur – FOTO, VİDEO
- Azərbaycanda otellər: görüş yeri, yoxsa ancaq ailəvi cütlüklər üçün?
- Edam olmaz əfv – vergülü həkim qoyur: Səudiyyə Ərəbistanında səhiyyə və həyat haqda
Cavid Qara qanunsuz ovun qurbanı olmuş dörd Dağıstan turunun bədənlərindən ayrılmış başlarının şəklini də dərc edib.
Dağıstan turu (Capra cylindricornis) cütdırnaqlılar dəstəsinin dağ keçisi cinsinə aid məməli heyvan növüdür. Baş Qafqazda endemikdir, başqa sözlə, turlar yalnız Baş Qafqaz silsiləsində yaşayırlar. Beynəlxalq təsnifata görə, bu heyvan növünün artım potensialı məhduddur və qorunmalıdır.
“Eco-front”dan bildirildiyinə görə, ekoloji fəallar kəndə daxil olan kimi ovçular öldürülmüş turlatın kəllələrini gizlədiblər. “Zabit andı içib, üzləri düşən videoları silməyimi xahiş edənlər inkar edirlər ki, ov etməmişik. Dağa silahla gəzməyə getmişdik. Əcəb nağıldır”, – Cavid Qara yazır.
“Adam həm ETSN-in işçisidir, həm də təbiəti mühafizə layihəsindən toplam 1000 manata yaxın rəsmi maaş alır. İki işdən rəsmi maaş alırsan ucqar dağ kəndində. Göz doymur. Özünə tapşırılan işdə qanunsuz ova bələdçilik edir. Başqa nə iş verilməli idi ki, gözü doysun? İki işini də itirəcək indi. Brokenyerlər gətirib aylıq maaş verər”, – ekofəal əlavə edib.
Aprelin 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Həmin informasiyaya əsasən, Xidmətə Qax rayonu Sarıbaş kəndinin yaxınlığında qanunsuz ovla bağlı daxil olan məlumat əsasında Xidmətin əməkdaşları tərəfindən altı nəfər saxlanılıb.
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, həmin şəxslərin silahlı olduğunu və Dağıstan turunun ovlanmasına ciddi şübhələr yarandığını nəzərə alaraq tərəfimizdən dərhal Qax rayon Polis Şöbəsinə müraciət olunub və ovçulara məxsus silahlar, müvafiq sübutlar polis şöbəsinə təqdim edilib: “Polis şöbəsi tərəfindən ilkin araşdırma aparıldıqdan sonra təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.