Azərbaycanda Mətbuat Günü - Kimsə həbsdədir, kiminsə irqçilik tutması tutub
141 il bundan əvvəl, iyulun 22-də Azərbaycanda ilk “Əkinçi qəzetinin birinci nüsxəsi işıq üzü gördü. 141 il sonra isə Azərbaycan mətbuatın müstəqillik səviyyəsinə görə axırdan 11-ci yeri tutur.
Qısaca mətbuat haqqında
Azərbaycanda azad mətbuat haqqında hamı – beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, jurnalislərin özləri danışır. Yeni nəsə əlavə etmək çətindir. Ümumi olaraq bunları bilmək kifayətdir:
Xədicə İsmayıl (Azadlıq Radiosu) il yarım həbsxanada keçirdi (vergidən yayınma və s.);
Rauf Mirqədirov (“Zerkalo qəzeti) iki il həbsxanada keçirdi (vətənə xəyanət);
Freedom House reytinqinə əsasən, Azərbaycan media azadlığı sahəsində bu gün Vyetnamla Bəhreyn arasında qərarlaşaraq, dünyada 188-ci yeri, ya da axırdan 11-ci yeri tutur;
Reporters without borders Azərbaycanı 180 ölkə arasında 163-cü yerə qoyub.
Heç kim üçün sirr deyil ki, Azərbaycanda müstəqil mətbuat üçün ən çox gecə-gündüz söz azadlığının keşiyində dayanan dövlət qurumları narahat olur. Bəs qalan mediada vəziyyət necədir?
Bu günlərdə baş verən hadisə və ona verilən reaksiya bunu gözəl təsvir edir.
Vətənpərvərlik şousu altında irqçilik
Azərbaycanın “Space telekanalından qaradərili hava proqnozu aparıcısı işdən çıxarılıb.
“Azərbaycan qəzeti bununla bağlı tənqidi məqalə dərc edib. Müəllif aparıcının adını yadında saxlaya bilmədiyini (Tendai Şereni) qürurla qeyd edir. Yazıda əsas diqqət ona yetirilir ki, televiziya mədəniyyət, tərbiyə və maarifçilik ruporudur. Məqalədə deyilir ki, televiziyada gözəl görünüşü və “milli cizgiləri olan aparıcılar çıxış etməlidir, çünki orada ancaq milli dəyərlər deyil, həm də Azərbaycan qadınının gözəlliyi təbliğ olunur ki, bu da “Azərbaycan kişisinin xarakterik cizgilərini asanlıqla sezməyə kömək edir.
“Space telekanalı (adı da “importnıdı ey!) bu niyyətlə maraqlı “yeniliyə imza atıb. Qaradərili “afrikalıya (bizim onun dərisinin rənginə heç bir etirazımız yoxdur, demokratik düşüncəliyik) Azərbaycanda havanın necə olacağını və nə sayaq dəyişəcəyini deməyi etibar edib! – materialda deyilir. Sonda müəllif telekanalın bu cür addım atmaqla fərqlənmək istəyinə istehza ilə yanaşaraq, qəzəblə kanalın əslində müqəddəs milli dəyərləri tapdaladığını qeyd edir: “İndi tamaşaçını nəyləsə təəccübləndirmək də çox çətindir… Əgər “Spaceçilər bununla həm də tamaşaçıları təəccübləndirmək istəyirdilərsə, rahat nəfəs ala bilərlər. Bu onlara müyəssər oldu! Bizi də əməlli-başlı təəccübləndirdilər:
* zövqsüzlükləri ilə;
* Azərbaycan qadınının gözəlliyinə biganəlikləri və dönüklükləri ilə;
* ən nəhayət, Azərbaycan dilinə hörmətsizlikləri ilə!
O yazıq “Afrika gözəlinin dili də söz tutmur axı!.
Rəsmi məlumata görə, Milli Televiziya və Radio Şurası aparıcının Azərbaycan dilinin normalarını pozduğunu bildirib. MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov verdiyi müsahibədə deyib: “Azərbaycan ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar var. Bu qaydaların tələblərinə görə, sözlərin tələffüz formasının dəyişdirilməsi yolverilməzdir. Həmçinin səlis, aydın və mükəmməl nitqə malik aparıcıların seçilməsi televiziya və radio yayımçılarının səlahiyyətinə aiddir. Dadaşov qeyd edib ki, həmin aparıcının Azərbaycan dili bilgisini və nitqini təkmilləşdirərək efirə çıxmasında heç bir problem yoxdur.
Aparıcı ilə bağlı bu hadisə əmək qanunvericiliyi və insan haqları müstəvisində diskussiya mövzusu ola bilər. Mətbuat günü ərəfəsində “Azərbaycan qəzetinin reaksiyası isə bu günkü bayram münasibətilə özünəməxsus hədiyyə oldu.
Yüz qırx bir il bundan əvvəl məşhur Azərbaycan maarifçisi Həsən bəy Zərdabi “Əkinçi qəzetini çıxarmaq üçün dəridən-qabıqdan çıxırdı. O, həm korrektor, həm redaktor, həm də müxbir işləyirdi. Deyirlər ki, Həsən bəy adi camaata elm və mədəniyyət gətirməyi arzulayırdı, qəzet mövhumat və geriliyi tənqid edir, qadınların təhsil hüququ uğrunda vuruşurdu.
Qəzetin cəmi 56 sayı çıxdı, sonra da yerli hakimiyyət (o vaxtlar Azərbaycan Rusiya İmperiyasının tərkibində idi) qəzeti bağladı. Versiyalardan birinə görə, bunda böyük rolu qəzetin tez-tez tənqidə məruz qoyduğu mövhumatçı müsəlmanların ardı-arası kəsilməyən iftira və donosları oynadı.
Dərc edilib 22.07.2016