Azərbaycanda jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə başlayıb
Paylaşmaq
Paylaşmaq
Müxalif jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi noyabrın 30-da Azərbaycanın Balakən rayonunda başlayıb. Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçməkdə və 10 min avro nağd pul qismində qaçaqmal keçirməkdə ittiham olunur.
Balakən rayonu Bakıdan 440 kilometr şimal-qərbdə yerləşir. Məhkəmə üçün belə uzaq yerin seçilməsi Əfqan Muxtarlının Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən Zaqatala rayonunda qeydiyyatda olması ilə bağlıdır.
“İşdə Muxtarlının özünün Gürcüstan-Azərbaycan sərhədini keçməsinə və pul keçirməsinə dair səhih dəlil yoxdur. Hər şey istintaqın əsassız iddialarından ibarətdir”, – vəkil Nemət Kərimli bildirib. Məhkəmə hazırlıq iclasında vəkil cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.
Son üç ildə Gürcüstanda yaşayan Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən yoxa çıxıb. Növbəti gün jurnalist öz vəkilinə zorla Bakıya gətirildiyini bildirib. Mayın 31-də Azərbaycan məhkəməsi Muxtarlının həbsinə qərar verib. Jurnalist ona qarşı dövlət sərhədini pozmaqla, qaçaqmalçılıqla və sərhədçilərə müqavimət göstərməklə ağlı irəli sürülmüş bütün ittihamları rədd edir. Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həmkarları əmindir ki, o, Azərbaycan hakimiyyətinin yüksək eşelonunda korrupsiya faktları ilə bağlı tənqidi materiallarına görə təqib olunur.
Müdafiə tərəfi guya jurnalistdən müsadirə olunmuş pul əskinaslarının ekspertizadan keçirilməsini istəmişdi. “Ekspertiza pulların üzərində gömrük əməkdaşlarının barmaq izlərinin olduğunu üzə çıxara bilərdi”, – vəkil Turan informasiya agentliyinə bildirib.
O, həmçinin rəsmi sərhəd keçid məntəqəsinin və Muxtarlının gətirildiyi hərbi hissənin nəzarət kameralarının görüntülərinin təqdim olunması haqda vəsatət qaldırmışdı.
“Jurnalisti rəsmi sərhəd-keçid məntəqəsindən gətiriblər və bu avtomobil nəzarət kameralarına düşməlidir”, – vəkil qeyd edib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Muxtarlının Gürcüstan ərazisində oğurlanması xəbərini şərh edib. “İnsanın yoxa çıxması dövlət suverenliyi üçün ciddi təhdiddir. Dövlət öz nüfuzunu qorumalı və vətəndaşların müdafiəsini təmin etməlidir, bütün bunlar çox vacibdir”, – mayın 31-də Marqvelaşvili “İnterpressnyus” agentliyinin jurnalistlərinə bildirib.
Hazırlıq iclasında məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib, bircə Muxtarlının vəkilinin yanında oturması ilə bağlı izindən başqa.
Məhkəmə işi icraata götürüb və növbəti iclası dekabrın 14-ü saat 10.30-a təyin edib.