Azərbaycanda İslam matəmi: özünə əzab vermək əvəzinə qanvermə aksiyası
Bu gün Azərbaycanda Aşura günü – şiə müsəlmanlar Məhəmməd peyğəmbərin nəvəsi və onun tərəfdarlarının 7-ci əsrdə şəhid olması qeyd olunur. Ölkənin əksər məscidlərində matəm mərasimləri keçirilir.
Hələ bir müddət əvvələ qədər dindarların çoxu matəm əlaməti olaraq özünə əzab vermə aktları təşkil edir, zəncirlə özünü döyürdü. Amma son illərdə məmurlar və din xadimləri insanları bir qədər təmkinli davranmağa, özlərinə xəsart yetirməməyə, bunun əvəzində isə donor qanı verməyə çağırıblar. Qanvermə məntəqələri bəzi xəstəxanalarda və poliklinikalarda, həmçinin məscidlərdə fəaliyyət göstərir.
Əhalinin dindar olmayan qisminə də Aşura günü təsir edir. Məsələn, günortaya qədər bir çox mağazalar bağlı olur. Hesab edilir ki, bu gün saç rəngləmək, manikür etmək və ümumiyyətlə gözəlliklə məşğul olmaq olmaz. Xüsusən də bərkdən musiqi dinləməyə və şənlənməyə icazə verilmir. Ümumiyyətlə bütün Məhərrəmlik ayı müddətincə Azərbaycanda toy etmirlər.
O cümlədən də Aşura günü Hüseyn və silahdaşlarının ehsanı niyyətinə çay və halva paylayırlar.