Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus olan MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim uçuşu zamanı dənizə düşüb.
Üç həftəyə yaxın nə təyyarəni, nə də pilotu tapmaq mümkün olmayıb. Axtarışlara Türkiyə və Rusiyadan olan mütəxəssislər də qoşulub.
Nəhayət, avqustun 16-da təyyarənin fraqmentləri, avqustun 19-da isə “qara qutusu” tapılıb, pilotun təhlükəsizlik kəmərilə kresloya bağlanmış cansız bədənini isə avqustun 20-də aşkarlamaq mümkün olub.
“Pilot təyyarənin idarəsini bərpa etməyə çalışıb ki, qəzanın qarşısını ala bilsin. Amma aldığı ağır xəsarətlər bunu mümkünsüz edib və təyyarənin qəzaya uğramasına gətirib çıxarıb”, – Müdafiə Nazirliyinin bəyanatında belə deyilir.
Amma qəzanın necə baş verdiyi, pilotun necə yaralandığı və hansı xəsarətləri aldığı izah olunmur. Niyənəticədə onun katapultadan istifadə etmədiyi də aydın deyil.