Noyabrın 15-dən 16-a keçən gecə baş verən iki zəlzələ nəticəsində 130 yaşayış və məktəb binasına ziyan dəyib. Zəlzələlərin qeydiyyatı üzrə Beynəlxalq Agentliyin (EMSC) məlumatına görə, 5,1 ballıq zəlzələnin episentri Azərbaycanın Ağdam rayonunda, cəbhə xəttinə yaxın Qarabağ münaqişəsi zonasında olub.
Ağdam rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov bildirib ki, ən çox ziyan Çəmənli kəndinə dəyib, orada 36 ev zədələnib.
Zəlzələ ətraf rayonlarda da hiss olunub. Hazırda dəymiş ziyanın miqyası dəqiqləşdirilir. İnsan itkisi yoxdur. Yaralılar haqda da hələlik məlumat daxil olmayıb, Trend agentliyi məlumat verir.
Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bildirib ki, yeraltı təkanlar noyabrın 16-da səhər saatlarında da davam edib, ümumilikdə 30-a yaxın təkrar təkan qeydə alınıb. Yetirmişli Ağdamda baş verən zəlzələnin İran-İraq sərhədində qeydə alınmış dağıdıcı zəlzələ ilə hər hansı əlaqəsinin olduğunu inkar edib.
Noyabrın 13-də İranın cənubunda 7,3 ballıq güclü zəlzələ baş verib. Son məlumatlara görə, bu zəlzələdə 430 nəfər həlak olub, 7 minə yaxın insan yaralanıb.
Azərbaycan ərazisində ən son güclü zəlzələ 2000-ci il noyabrın 25-də qeydə alınıb. Həmin zəlzələnin gücü 6,1 bal olub. Episentri Xəzər dənizində Bakı yaxınlığında olan bu zəlzələ zamanı 31 nəfər həlak olub.