Azərbaycanda etirazçı gənclər birlikdə növbədənkənar parlament seçkilərinə hazırlaşır
Vətəndaş cəmiyyətinin 18 üzvü 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərində iştirak etmək üçün “Hərəkət” bloku yaradıb. Onların arasında keçmiş siyasi məhbuslar, müxalifətçilər, gənclər hərəkatının üzvləri, hüquqşünaslar var.
Onların hamısı qeydiyyatdan keçə bilsələr, müxtəlif dairələrdən deputatlığa namizədliklərini irəli sürəcəklər. Onlardan bir neçəsi, o cümlədən də gender hərəkatının fəalı Rəbiyyə Məmmədova, blogerlər və keçmiş siyasi məhbuslar Mehman Hüseynov və Elgiz Qəhrəman dekabrın 23-də baş tutmuş bələdiyyə seçkilərində də iştirak ediblər, amma qələbə qazana bilməyiblər və bunu saxtakarlığın nəticəsi hesab edirlər.
• Azərbaycanda növbədənkənar seçkilər haqda
• Azərbaycanda nə baş verir – yuxarıların inqilabı, yoxsa imic korreksiyası? Şərh
Blok üzvlərinin siyasi baxışları müxtəlifdir.
Onların ümumi tərəfi odur ki, bu insanlar əsasən hakimiyyətə rəğbət bəsləməyən və “Azərbaycanı ifadə azadlığına, insan haqlarına hörmət edilən, müstəqil və ədalətli məhkəmələrin olduğu hüquqi dövlət kimi görmək istəyən” gənclərdir.
“Hərəkət”in əsas məqsədi kütlələri siyasiləşdirmək, cəmiyyəti və əsasən də gəncləri seçkilərdə fəal iştiraka – sadəcə seçici kimi yox, həm də müşahidəçi kimi – cəlb etməkdən ibarətdir.
“Biz “Hərəkət” blokunu yaratmışıq ki, xalqı hərəkətə gətirək”, – blok üzvlərindən biri Azər Qasımlı deyir.
“Əsas məqsədlərdən biri seçkilərə maksimum çox insan cəlb etməkdir. Biz öz dairələrimizdə maksimum seçici fəallığını təmin etmək niyyətindəyik. Hərçənd biz hakimiyyətin bu seçkiləri təşkil edəcəyi ilə bağlı xülyaya qapılmırıq. İndiyə qədər onlar heç bir seçkini normal təşkil etməyiblər”, – blokun digər üzvü Turqut Qəmbər deyir.
Bundan başqa, blok əsasən, seçkiqabağı kampaniya zamanı öz üzvlərinin inzibati-texniki dəstəklənməsi ilə məşğul olacaq. Qalan məsələlərdə namizədlər müstəqil hərəkət edəcəklər.
Azərbaycanda növbədənkənar parlament seçkiləri dekabrın əvvəlində hazırkı parlament özünü buraxdığını elan edəndən sonra təyin edilib. Təşəbbüsü “Yeni Azərbaycan” iqtidar partiyası irəli sürüb və bunu prezidentin apardığı islahatları dəstəkləmək üçün parlamentin yenilənməsinin vacibliyi ilə izah edib.
“Hərəkət” seçki öncəsi yaradılmış ikinci seçki blokudur. Birincisi “Real Respublikaçılar İttifaqı” adlanır və bu bloka qeydiyyatdan keçməmiş “Respublikaçı Alternativ” partiyasının üzvləri və bir neçə müstəqil namizəd daxil olub.
İqtidar partiyası hələlik öz namizədlərinin siyahısını açıqlamayıb.
Müxalif “Müsavat” partiyası seçkilərdə müstəqil şəkildə iştirak edəcək.