Azərbaycanda dörd siyasi məhbusa tam bəraət verilib
Azərbaycanın Ali Məhkəməsi Avropa Məhkəməsinin qərarını icra edərək 2013-cü ildə həbs edilən dörd siyasi məhbusa tam bəraət verib. Onlara maddi kompensasiya ödəniləcək. Daha əvvəl siyasi məhbuslar prezident tərəfindən afv olunaraq azadlığa buraxılmışdılar.
- Türkiyə “xarici düşmən” axtarışında – Mövqe
- Azərbaycanda 16 mindən çox məhkum amnistiyaya düşəcək
- Avropa Məhkəməsi Azərbaycanı 300 min avroya yaxın cərimələyib
Azərbaycanın Ali Məhkəmə Plenumu Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarını tam icra edib, Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin tam reabilitasiyası haqda qərar çıxarıb. NİDA gənclər təşkilatının bu üzvləri 2013-cü ildə həbs edilmişdi.
Qanunsuz həbs və azadlıqdan məhrumetməyə görə keçmiş siyasi məhbuslara ümumilikdə 188 min manat [110,5 min dollara yaxın] maddi kompensasiya ödəniləcək.
Hazırda bəraət alan dörd keçmiş siyasi məhbus 2013-cü ilin yazında Bakıda qeyri-döyüş şəraitində əsgər ölümünə qarşı etiraz aksiyalarında iştirakdan sonra həbs edilmişdi.
Məhkəmə zamanı onlara qarşı kütləvi iğtişaşların təşkilində, döyüş sursatlarının qanunsuz dövriyyəsində, başqasının əmlakına ziyan vurmaqda və sairə ittihamlar irəli sürülmüşdü.
2014-cü ildə məhkəmə Qurbanlı və Axundovu 8, Həsənovu 7 il və 6 ay, Məmmədlini isə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.
Bir müddət sonra siyasi məhbuslar Azərbaycan prezidenti tərəfindən əfv edilmişdi. Azad ediləndən sonra onlar siyasi fəaliyyətdən kənarlaşıblar və onlardan ən azı ikisi hazırda ölkəni tərk edib.
AİHM bu şəxslərin həbsini qanunsuz hesab edib və Avropa Konvensiyasının 18-ci maddəsi (hüquqlara münasibətdə məhdudiyyətlərdən istifadənin həddi) üzrə onların hüquqlarının pozulduğunu təsbit edib.
“Turan”ın məlumatına əsasən, Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandan müraciət edənlərin və AİHM-nin 18-ci maddə üzrə hüquqlarının pozulduğunu təsbit etdiyi bütün şəxslərə tam bəraət verilməsini tələb edib.
Bu göstərilmiş kateqoriyadan olan şəxslərdən Ali Məhkəmə daha əvvəl Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədova və Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərlova bəraət vermişdi.
Amma hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, araşdırmaçı jurnalist Xədicə İsmayıl, gənc fəallar Qiyas İbrahimov və mərhum Bayram Məmmədova indiyə qədər bəraət verilməyib. Onların hamısı siyasi məhbus və “vicdan məhbusu” kimi tanınıb.
Şərh
Respublikaçı Alternativ Partiyasının lideri, keçmiş siyasi məhbus İlqar Məmmədov Ali Məhkəmə Plenumunun bugünkü qərarını şərh edib.
“Siyasi məhbuslara ötən il aprelin 23-də açdığımız bəraət yolundan bu gün bizdən sonra ilk keçənlər oldu. 4 nəfər gənc Avropa Konvensiyasının 18-ci maddəsinə uyğun olaraq Azərbaycan Ali Məhkəməsində bəraət və mənəvi kompensasiya aldı.
Bu yolu biz açdıq. Bununla fəxr edirik. Nazirlər Komitəsi sentyabrda verdiyi qərarda elə belə də demişdi: “Bu işlərdə Məhkəmə tərəfindən aşkar edilmiş pozuntuları, xüsusən də 18-ci maddənin pozulduğunu nəzərə alaraq, Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovun işlərində təsbit edilən örnəklərə əsaslanmasında təcili zərurət yaranıb”.
Hər kəsi təbrik edirik”, – o, Facebook səhifəsində yazıb.